Başsız və atsız

Bu blogu açmaq səbəbim öz bəyənmədiyim və təqdir etdiyim şeylər haqqında məqalələr yazmaq, daha sonra o yazdıqlarımı beynimdən silib ssd-mi təmizləməkdən başqa bir şey deyildi. Son həftədə isə paxıllıqdan partladığım şeylər olur. İki sevgili binanın təpəsinə çıxıb sülh şüarları ilə bayraq dalğalandırır və camaat “Maneskin – I wanna be your slave” musiqisi ilə reels paylaşır. Kontentlə heç uymasa da videolar qəşəng alınır. Bu məsələdə qısqandığım bir neçə şey var.

1- Onlardan fərqli olaraq mən yarım almamı tapmamışam. Qismət, belə şeylər tələsiləsi məsələ deyil. Valideyinlərin əksini düşünsə də edəcək bir şey yoxdur.
2- Mən adrenalin idman növlərini sevirəm. Alpinizm, avtomobil yarışları və s. Düzdü bunları etməyi sevirəm, izləməyi yox. Yəni o binanın başına mən də çıxmaq istəyərdim. Amma paxıllıq etdiyim bu deyildi, mənim bunu edəcək cəsarətim yoxdur deyəsən. 

3- Məni elə əlbəyaxa tutub aparsalar, yəqin ki, o qədər sakit durmazdım. Fırlanıb “polis əmi mənyi haya apayıysız?” deyərdim. Amma bu uşaq kimi danışığı qorxumdan edərdim, hansısa sevgilimə şirin görünmək üçün yox. Biraz Megan Fox məndən bu səsi ala bilərdi, qalan mümkün deyil.

Sonra dünya çempionatında 27 yaşında ən çox qol vuran ikinci oyunçusu Mbappe-yə paxıllıq edirəm. Yəqin ki, küçələrdə oynadığım bütün futbol oyunlarında 19 qol vurmamışam. Az yaşlı futbolçuların milyonlar qazandığını görəndə paxıllığımdan ölürəm, amma o qədər təmiz ürəkli adamam ki, gözüm dəymir, get-gedə daha çox qazanırlar, Allah başlarından töksün.

Uzun zamandır ki, bütün ölkələrin politikası haqqında sabit fikirliyəm. Qəhrəmanlar yetişdirmək üçün zülm çəkən miyonlar. Varlanan insanlar, kasıblaşan xalq, boğulan səslər. Yox, bizdə yenə də nisbi sabitlikdir. Amma qardaş ölkədə müasir dövrün superqəhrəmanı var. Deniz Göktaşı bir neçə ildir ki, izləyirəm. Möhtəşəm stand-up etdiyini düşünürəm, zarafatları kütlənin bir çox hissəsinə fərqli səbəblərdən xoş gəlməyə bilər, mənim sevməyimin səbəbi istənilən mövzuda iki tərəfin də mövqeyləri haqqında açıq-aşkar zarafat edə bilməyidir. İndiki dövrdə insanların hər şeyi ağ-qara gördüyü bir yerdə boz rəngin üstündə durmaq çox cəsarət istəyir. Yəni heçbir qrupa aid olmamaq, daha yaxın olduğun qrupa qarşı belə zarafat edə bilmək, güclü bir iradə və saymazlıq istəyir. 

Mən sosializmin çarə olduğunu düşünmürəm, amma kapitalizmin də çökdüyünü qəbul edirəm. Yeni bir şey lazımdır, bu sosializmə daha yaxın olar, ya tam yeni bir şey olar. Onu da bilmirəm. Amma bildiyim bir şey var, Deniz Göktaşda olan ət parçası məndə yoxdur. Etdiyi nəticə versin və ya verməsin, etdiyi zarafatları sev və ya sevmə, dediklərinin doğru olduğunu düşün ya düşünmə, amma bir çoxumuzun dost məclisində belə deməyə çəkindiyimiz şeyləri insanlar qarşısında mikrafonla deyib, onu yutuba yerləşdirib, həbs olunacağını bilə-bilə geriyə dönüb, sənə ziyarət edib dəstək olacaq müxalif siyasətçiyə də “Bizdən əl çəkin” deyə bilmək əməlli cəsarət tələb edir. O cəsarət bizdə yoxdursa “Zarafatını bəyənmədim, amma halaldır” deyəcək qədər səmimiyyətimiz olmalıdır. Öz fikirlərinə inanmaq və bunun üçün cəza çəkməyi belə gözə almaq böyük bir şeydir. Bizim edə bilmədiyimiz qədər böyük. Ona da paxıllıq etdim və utandım. 

Bir şeyə hörmət etmək üçün onun sizin gerçəkliyinizə uyğun olması heç bir əhəmiyət kəsb etmir. Kəsb edirsə də vecimə deyil, dünyanı ağlamaq, müharibə, əzmək yox gülmək qurtaracaq. İnsanlar hər şey haqqında zarafat edə bildikləri zaman daha mülayim olmağa başlayacıq. Və ya sizin sərhədlərinizi keçən zarafatları dinləmədən dinləyicilərinə xitab etməsinə də icazə verə bilərsiz, necəki mən “Kızılcık Şerbeti”, “Yalı Çapkını” izləyənləri günahlandırmıram, siz də mənim spongebob izləməyimə bir şey deməyə bilrəsiz, ya da Deniz Göktaşın etdiyi zarafata.

Hər gün hər şeyə mız qoymağa başlamışıq, sevmədiyimiz şeyləri normal biruzə verməkdənsə özümüzün haqqlı olduğunu sübut eləməyə dəridən qabıqdan çıxırıq. Dünyanın yarısı Nəsimi olub ki, instagramda 5000000 izlənsin (sıfırları saymadım, milyon olaraq nəzərdə tutmuşam), digər yarısı ortaq yox ancaq şəxsi ədalət axtarır.

Keçmiş üçün darıxıram, 30 dəqiqəlik oturub “əmi televizoru yandır oyunu qurtaraq, duraq” deyəndə tvni yandıran və 20 dəqiqə də pulsuz oynamağa icazə verən Playstation əmilərdən artıq yoxdur. Onun yerinə stadiona pul töküb sponsor olan şirkətin adını gizlədən İnfantino var.

Gözyaşları ilə nəticə gözlədiyimiz dünya çempionatı oyunları yoxdur, hissənin ortasında pizza reklamları var. Rəngli avtomobillər yoxdur, rənglərin daha bulannıq versiyaları var. 3-4 mal uşaq kinder surprizi birbaşa xirtdəyinə soxduğu üçün, kinder joy var. Zərrə həyəcan vermir içindən çıxacaq olan oyuncaqlar. Sonunu bilmədiyimiz yol belə yoxdur, google map bütün surprizlərin üstünə xətt çəkir.

Yəni, sözümün canı, dəyər verdiyimiz şeylər biz hiss etmədən yavaş-yavaş dəyişir. Buna səs çıxaranlara heç olmasa hörmət edək.

Leave a Reply

search previous next tag category expand menu location phone mail time cart zoom edit close