İnsanlıq 15 illik ortalama yaşam dövrünü 60+ edə bildi. Suda üzən, bu azmış kimi tonlarla yük daşıyan gəmiləri, onların hamar yollar üzərində 4 dairəvi fiqur üstə hərəkət edən formaları olan maşınları, hətta göydə uçanlarını belə icad etdi. Amma, heç biri formalaşdırdığımız bu yeni növ insanın natamamlığını tamamlamadı.
Hər zaman olduğu kimi sübh tezdən oyanıb 5-6 dəqiqə sosial şəbəkələrdəki bildirişlərə baxırdım, sonra yenə sürüşdürüb digər postlara baxmağa davam etdim, dəqiqələr keçdikcə gördüyüm maraqlı videoların yerini şiddət tuturdu. Tam bir türk film sektoru tarixini yaşayırdım. Komediya janrı ilə başlayıb, qadınlara zorakılıqla davam edən türk film sektoru kimi, gülməli “reels”dən sonra dramatiklər başlayırdı. Sırada 17 yaşında sürücülük vəsiqəsi olmadan nəqliyyat axınına qarışıb, nasazlıq səbəbi ilə yolun solunda dayanmış avtomobillə toqquşub, qəzaya düşüb vəfat edən xanım xəbərini oxudum. Allah rəhmət eləsin! Deyib keçdim. Növbəti xəbərdə həmin xanımın şəklini və üzərinə yapışdırılmış təhqir dolu commentlərin ekran görüntüləri paylaşılmışdı. Yəni, artıq xəbər səhifələrimiz xəbərin kontentindən çıxıb sadəcə klik yığmağa başlamışdılar. Sonra başqa xəbərlərdə onun atasının dedikləri, ona verilən reaksiyalar, hətta bir xəbərdə yolun kənarında nasazlıq səbəbindən dayanan avtomobilin alacağı cərimələr belə çıxdı. Hamısına baxanda düşündüyüm bir şey oldu, kənardan hər şey çox qəribə görünür, ölən bir xanımı təhqir edən bir kütlə, ölən qızının şəkillərini paylaşıb status yazan bir ata, bu mövzudan 350 xəbər çıxaran səhifələr çevrə qurub, ortada isə 17 yaşlı ölmüş bir qız. Baxın xanımı şəxsən tanımıram, yaxşı və ya pis insan olması haqqında heç bir məlumatım yoxdur, özəl həyatı isə məni qəti maraqlandırmır, amma o qızın bir şəklindəki geyimi özünün “qeyrət” kriteriyalarına uyğun olmadığını dəyərləndirib təhqir edən yaşlı və gənclər həddi büluğa çatmamış bir xanımı geyiminə görə dəyərləndirirsə, bu onların da xaotik bir problemin parçası olmağı deyilmi?.

Hara gedirik əmin deyiləm, amma yaxşı yerə getmədiyimizə çox əminəm. Hər şeydə özümüzü müqayisə edirik, amma niyəsə hər zaman bizim milli ənənələr çərçivəsində dəyərləndiririk və hər zaman ən yaxşısı biz oluruq. Bakıya 4 saat yağış yağıb, su basır, 4-5 saatlıq yağışın fəsadını Miamidə, Tokioda olan təbii fəlakətlərlə müqayisə edirik. Heç kəs onun arxa fonundan danışmır. Yəni sizcə də, bu ölkələrdə təbii fəlakətlər nəticəsində çəkilən zərərlər qarşılanmır?. Pis xəbərim var, qarşılanır. Burda sığorta reklamı ola bilərdi, amma bizim sığorta şirkətləri də öz müştərilərinin şəxsi məlumatlarını çox asanlıqla ixtiyari biri ilə paylaşa bilir, ona görə ehtiyatlı olun.
Bütün bu düşüncələr məni yormağa başlayır, qocaldığımı hiss edirəm, döyüş idman növlərinə baxa bilmir, dramatik filmlərdə kövrəlib, boş vaxt tapan kimi evə qaçıb kiçik detallı model maşınlar düzəldirəm. Tam 70-80 yaşlı baba kimi yaşayıram. AI-dan gün-gündən daha çox qorxuram. Nə işə yaradığını tam anlamadığım kimi bir çox insanın işsiz qalmasına səbəb olduğunu başa düşürəm. Yenidən metallica, linkin park dinləməyə başlamışam. Artıq ətrafda hər şeyin əvvəlki kimi olmadığını görürəm, insanların bir-birindən gözləntiləri dəyişib, ədəbiyyatda da gördüyümüz tənqid anlayışı yoxa çıxıb, düzgün görmədiyin bir şeyi belə alqışlamaq məcburiyyətindəsən, çünki hər kəsin “dəyən yeri” daha da yaxındadır. Hərkəs ağ-qara avtomobillər sürür, çünki tanımadığın bir adama gülümsəmək səni ya cinsi azlıq nümayəndəsi, ya da qarşı cinsə zorakılıq edən bir şəxs edir. Səmimiyət itib yerinə eqoların idarə etdiyi həyat gəlib. Hər kəs tanımadıqlarını günahlandırıb, öz kiçik qrupunun bütün günahlarını yüksək qiymətləndirir. Hər kəs daha böyük avtomobilin qara rənglisini alıb daha güclü görünmək istəyir, ya da “səni pulla döyərəm” demək üçün borca xərcə girib “krutoy” olur. Mini yubka geyinən nəvəsi yaşında qızlara baxan adamların şortik geyinən gənc oğlanı döyüb “camaatın anası-bacısı var” deməsi hələ də dəyişmir. Heç kəs başını aşağı salıb öz işi ilə məşğul olmur, hamıda bir kir axtarıb gülməyə çalışır, özü xirtdəyə qədər palçıqda olsa da. Hə, bütün bu xaosa öz xaosumuz özümüzə azmış kimi, türkiyədə məşhurlaşan futbol taktiki biliyi nümayişi də qoşulur. Hər kəs futbol məşqçisi olub, Türkiyə millisinin niyə qol ata bilmədiyini müzakirə edir. Bizim millimiz son dəfə domino oynamağa yığışıb yəqin. Çox sürətlə üzü yoxuşa gedirik.
Bəlkə bi cıqqan yavaşlayaq?!
