
Blog vaxtını boş-boş keçirən bir gənc tərəfindən yaradılıb və hər hansısa bir əhəmiyyət kəsb etmir. Məqsəd yazaraq əylənmək və oxuyarkən səni də əyləndirməkdir.
Yazıları oxuyandan sonra üç situasiyadan biri ilə baş-başa qalacaqsan:
- Əylənəcəksən və növbəti məqalələri gözləyəcəksən;
- Əylənməyəcəksən, sadəcə məqalələr xoşuna gələcək və növbəti məqalələri gözləyəcəksən;
- Əylənməyəcəksən, məqalələr də səni cəlb etməyəcək və ilk məqaləni yarımçıq qoyub həyatına qaldığın yerdən davam edəcəksən.
Bu üç situasiyaya uyğun olaraq aşağıdakıları nəzərinə çatdırmaq istəyirəm:
Situasiya 3-ü yaşayanlar üçün: Vaxt ayırıb ən azından bir qədər məqalə oxuduğunuz üçün təşəkkürlər. Mən bir şey itirdiyimi düşünmürəm, əgər sizə vaxt itkisi və mənasız əsəb yaratdımsa üzr istəyirəm. (fikir verdinizsə etik qaydalar çərçivəsində qeyd etdim). Amma burda əsəbiləşməli bir şey yoxdur. Deməli, biz başqa dünyaların insanlarıyıq…
Situasiya 2-ni yaşayanlar üçün: Məqalələri bəyəndinsə, deyəcək və üzr istəyəcək bir şey yoxdur deyə düşünürəm. Oxuduyub vaxt ayırdığın üçün təşəkkürlər. Biz eyni dünyanın vərqli şəhərlərinin insanlarıyıq.
Situasiya 1-i yaşayanlar üçün: Dəyməz, xoşdur.
QAYDALAR
Məqalələrə başlamazdan öncə aşağıdakı qaydalarla tanış olmağını xahiş edirəm. Bu qaydalar, bir-birimizi daha yaxşı başa düşməyə və bəzi yanlış anlaşılmaların qarşısını almağa, önmühakimələri (qərəz sözünün hələ də düzgün ifadə olduğunu düşünmürəm) aşmağa dəstək üçün qeyd edilib.
- Logoda gördüyünüz eynəkli baş, hər hansısa bir əlilliyi nümayiş etdirmir. Sadəcə, çox sevdiyim yazıçı Jan Pol Sartrın simvolik bir əksidir;
- Qeyd edilən məqalələrdə yalnız tarixlə bağlı müəyyən araşdırmalar aparılmış ola bilər. Qalan heç bir informasiyanın düzgünlüyünə söz verilmir. Çünki, məqalələr maarifləndirmək üçün deyil, daha çox bir beyinin (əgər varsa) ətrafda baş verən hadisələrə dair götür-qoyunu əhatə edir;
- Məqalələrdə heç kəsin dininə, irqinə, həyatına, seçimlərinə qarşı pis məqsədli fikirlər bildirilməmişdir. İkinci punktda qeyd edildiyi kimi, yalnız mövcudluğu belə sual altında olan bir beyinin mövzulara yanaşması və baxışları əsas götürülmüşdür;
- Məqalələri oxuyarkən əsəbləşirsənsə, təəssüf ki, edə biləcəyim bir şey yoxdur. Sadəcə bu stresli həyatda stresinə stres qatdığım üçün üzr istəyirəm. Qalan məqalələri oxumamağını tövsiyə edirəm. Çünki, bu blog oxuyucu razılığını əsas götürmür, sadəcə yazanın kefini əsas götürür. Oxunmasa belə, həvəs olduqca yazılmağı gözləyən minlərlə məqalələr var;
- Məqalələrin yazılma ardıcıllığı yoxdur. Sadəcə kefimə düşəndə yazacam. Çalışacam ki, həftənin stabil günləri yeni məqalə və ya məqalələri yerləşdirim. Amma buna da söz vermirəm;
- Əlaqə vasitəsi kimi, hələki sadəcə fikirlərini başını göyə qaldıraraq öz-özünə ifadə edə bilərsən. Həvəs olan kimi elektron poçt ünvanı da açıb oradan geri dönüşlərini oxumağa çalışacam. Amma həmişəki kimi, buna da söz vermirəm;
- Yazılarda müxtəlif hərf səhvlərinin olması mümkündür. Barmaqlarım və beynimdəki (əgər varsa) informasiya axını zamanı müxtəlif problemlər yarandığını düşünürəm, bəlkə də təkrar mətni yoxlamağa həvəs yoxdur deyə belə bir bəhanə uydurmuşam, amma belədir. Əziyət çəkib hərf səhvləri ilə bağlı geri dönüş etmə;
- Hə, unutmadan. Hərf səhvlərini heç “Azleks” səhifəsinə post kimi paylaşılması üçün də göndərmə, çünki vecimə olmayacaq (gülümsəyərək yazdım, görməsən də bunu kiçik bir zarafat qarışıq gerçək kimi qəbul et…);
- Məqalələrdə qeyd edilən yazılar hər hansı vacib tarixi şəxslərə, dini və elmi şəxsiyyətlərə tənqid olaraq qeyd edilməyib və edilməyəcək. Əgər belə bir hal hiss etmisənsə, əgər elektron poçt ünvanı aktivdirsə müraciətini “yanlış anlaşılmaya səbəb məqalə” olaraq qeyd etməyini istəyirəm. Və təbii ki, məqalədə yanlış anlaşılan situasiyanı da qeyd etsən, müxtəlif çaxnaşmaların qarşısını alaraq Nobel Sülh Mükafatına layiq görülməyə bilərsən;
- Sənə hansısa mövzuya yanaşmam maraqlı gələcəksə, mövcud olduğu təqdirdə elektron poçt ünvanına göndərməyini istəyirəm. Həmin müraciətlərə mütləq baxılacaq. Sadəcə başlığı “mövzu” kimi qeyd etməyini istəyirəm;
- Məqalələri oxuyarkən nə edilməməlidir?
- Məqalələr və “yazıçı” ciddiyə alınmamalıdır;
- Avtomobil sürərkən məqalə oxunmamalıdır;
- Axşam yatmazdan öncə 10-15 dəqiqə vaxt ayırıb, oxumağın kifayət edir;
- Blogun inkişafı üçün mail olduqdan sonra geri dönüşlər etməyin arzuolunandır;
- “Nömrəvi yaz qaqaş” kimi geri dönüşlər və təhqir ifadələrinin yer aldığı maillərə baxılmayacaq. Aqressiya yaratmağa ehtiyac yoxdur. Bəyənmədiyin məqaləni oxumamaq azadlığına sahibsən;
- Məqalələr üzərində çox dərin düşünməyə ehtiyac yoxdur. Çünki, heç “yazıçı” özü bunu etmir………
Diqqətiniz üçün təşəkkür etməyəcəm. Çünki, qaydaları yazana kimi həm belim, həm də başım ağrıdı. Sağolun…..
