Bugün Instagramda vaxt öldürürdüm, həmişə etdiyim kimi reelslərin arasında itib-batmışdım. Saat 10-da yatmağı planlaşdırdığım halda, gecə 2-yə kimi boş-boş videolara baxırdım. Sonra səhər də oyanandan sonra 5–10 dəfə qarşıma çıxan video ilə məni “elektrik vurdu”. Bəli, 65 yaşında bir qadının cinsi zorakılığa məruz qalması. Bunun haqqında hamı rəy bildirir, mən bu haqda danışmayacağam. Bura gələn yol haqqında danışacağam. Və təbii ki, bunu bir sosial problemin həlli kimi yox, öz təcrübəmə görə yazacağam. Bu bloqun absurdluq dərəcəsini əvvəlki məqalələri oxumusunuzsa bilirsiniz, oxumamısınızsa bu məqalə absurd olmayacaq, çünki bu hadisə bizə öyrədilən “millətə yaraşmayacaq” dərəcədə absurddur.
Uşaqlıqdan bəri məntiqi izahı verilməyən heç nəyi öyrənə bilmir, xatırlaya bilmirəm. Mənim məntiqim çərçivəsində bir izahı olmasa, onu qəbul etməkdə çox çətinlik çəkirəm. Fənlərdən tarix, dil fənləri, qrammatik mövzular ən çox çətinlik çəkdiklərim olub. Keçmişə dayalı məlumatların bir vərəqdə yazıldığı kimi qəbul edilməsini heç vaxt anlamamışam. Ona görə də tarixdən qəbul imtahanında yazdığım 24 sualdan 6-sı düz qalmışdı. O da yəqin ki, “atdım-tutdu” kateqoriyasından idi. Həmin gün testi yoxlatdıranda isə hazırlıq müəllimimin (müəllimə sözünün düzgünlüyünü qəbul etmirəm, öyrədicim qadın idi) məni evindən qovub “bir də bura gəlmə” deməsi də elə bunun nəticəsi idi. Hər halda, karyerası boyu onun fənnindən ən az nəticə toplayan mən idim. Amma universitet imtahanına hazırlaşanda ən çox oxuduğum fənn də tarix idi.
Onları oxuyanda xatırladığım bir şey həmişə məni dəliyə çevirirdi. Bizim qədim dövlətlər qələbə qazandığı döyüşləri strateji, politik addımlarla izah edir, amma məğlub olduqları döyüşləri isə satqınlıqla əlaqələndirirdilər. Yəni aramızda bir-iki “şpion-şakal” olmasa, biz ideal idik.
O vaxtdan belə bizdə məğlubiyyəti qəbul etməmək kimi bir xarakter olduğunu müşahidə edirdim. Təbii ki, bunu sosial sferada bir araşdırma etmirdim, amma zamanla millətimizə bu diaqnozu qoyanda uşaqlıqdan bəri şüuraltıma işlənmiş hadisələr yadıma düşür. Yəqin ki, öz arqumentimi gücləndirmək üçün işimə yarayan xatirələri xatırlayıram. Mən də axı bizim millətdənəm, nəyisə səhv bilə bilmərəm. Hər şeyin ən düzünü biz bilirik. Bilmədiklərimizi belə.
Uşaqlıqdan bütün dünya ölkələri və millətlərinə qarşı yüklənən fərqli stereotiplər zamanla bizi ən yaxşı, ən ağıllı olduğumuzu düşünməyə vadar edir. Bizə bir rəqib seçilir, sonra o rəqiblə biz müqayisə edilirik, daha yaxşı olduğumuz dairəvi yolda dönən sarı “paz avtobusu” ilə təsdiqini tapır və növbəti addımımızı atırıq. Bu xaosun içində başımızı belə qaşımağa vaxt tapmırıq. Qalmışdı ətrafdakı insanların başına gələnləri xatırlayaq. Ona görə bu xalanı da unudacağıq, necə ki, Gədəbəydə gözünə bibər qazı sıxılan xalanı unutduq, “intelligent” müğənni sayılan və o haqda rəy bildirən 1.50-lik müğənninin rəyini unutduq.
Hara gedirik? Bilmirəm. Amma yaxşı yerə getmirik. Bu qədər mənəvi dəyərlərinin yüksək olduğunu düşündüyümüz yerdə bu hadisələr normaldırmı deyə düşünürəm. Yaşanılması potensial olaraq mümkündür, amma qətiyyən normal deyil. Birinci deyil, sonuncu da olmayacaq. Amma buna da veriləcək cavabı bilirəm. Kaggle-dan bir dataset tapılıb Amerikada, Hollandiyada cinsi zorakılığa məruz qalmış şəxslərlə bizdəkilərin sayı müqayisə olunacaq. Amma onların aldıqları əməkhaqqından söhbət getməyəcək, yaşadıqları və adambaşına gəzdikləri ölkə sayından danışılmayacaq, həyatı boyu oxuduqları kitab sayı belə yada düşməyəcək. Amma pis bir statistikanın sayı bildirilərək müqayisə olunacaq.

Yaxşı yolda deyilik, yəqin ki, bir də yaxşı yola qayıtmağımız o qədər də asan olmayacaq, çünki artıq “pis yola düşmüşük”. Nağılımızda belə cırtdanın işıqlı yola getməsi göstrilərək tənqid edilir, orda belə o işıqlı tərəfin pis olduğu, orda sizi divin gözlədiyi deyilir. İt hürən tərəf doğru gedirik, amma Cırtdan it hürən tərəf getsə bəlkə onu yemək istəyən div də orda onu cinsi zorakılığa məruz qoyacaqdı, xəbərimiz yoxdur.
Yaxşı hadisələrdən yazaraq absurd yumor edəcəyim məqalələri gözləmək diləyi ilə.
