İlk Maurizio Cattelan mən idim.

Bir neçə gün əvvəl US-dəki dostumlarımdan biri ilə uşaq vaxtı başımıza gələn şeylərin söhbətini edirdik. O, universitetdə döyülməkləri haqqında danışdı. Biraz sonra belə bir xatirəm olmadığına kövrəldim, hətta paxıllıqdan içim içimi yeyirdi. Döyülmək yaxşı şey deyildi, amma xatirə kimi ən yaxın dostumla çox mənasız şeyə görə döyülüb, böyüyəndə bunun haqqında danışmaq da qəşəng hiss idi. Düzdür, ən yaxın dostumla birlikdə, bizimkilər demiş “Allahsız adamlar” tərəfindən döyülməmişdik, amma mən ən yaxın dostumu döymüşdüm. Bəli, bugün uşaqlıq xatirələrimdən bir neçəsini yazacam.

Deməli bir neçə aydır ki, depressiyada deyiləm, həyatım gözləmədiyim dərəcədə pozitiv keçir, yox heç nə dyişməyib yenə də, iş, yataq, ps, soyuducu və istirahət otağı arasında keçən həyatım var, amma yəqin ki, səyahətlərim xaricində bunun belə olduğunu qəbul etmişəm deyə daha rahatam. Ona görə də, bugün heç bir neqativ şeydən yazmayacam, ya da gəlin sizə söz vermiyim, nihilist tərəfim baş qaldırsa yenidən olduğu yerdən davam edib, iki yaylıqla ağlaya bilərəm.

Hadisə 1.

Ən yaxın dostumla ilk yaxın tanışlıq. 


Əslində bir neçə il idi bir yerdə oxuyurduq, amma ünsiyyətimiz “salam, sağol, hansı klub fanısan” suallarından kənara çıxmırdı. O günlərdə mən BJK fanı idim, yox təbii ki, oyunlarına baxmırdım, qartal simvolu cəlb edirdi sadəcə. Kim bilərdi ki, bir neçə il sonra o dostumla birlikdə oyunlara baxa-baxa Fenerbahce fanı olacam. Həm də holigan səviyyədə.

Deməli, bir gün biz idman dərsindən çıxdıq. Mən 5-6 da oxuduğumuz illərdə çox kök idim, indi də kök olduğumu nəzərə alsaq, o günkü ölçümün yanında indi “sütül oğlanam” belə deyə bilərik, o dərəcə. Təbii ki, bütün kök insanlar kimi mən də idman dərsindən sonra əynimi dəyişəndə, köynəyi çıxaran kimi tez formanı geyinirdim ki, yağ bağlamış utanc qaynağı kimi hiss etdiyim bədənim zarafat obyekti olmasın. Bir gün bu əclaf mənə çox mənasız bir zarafat elədi, zarafatın nə olduğunu deməyəcəm, amma həmin dövrdə tənəffüsdə belə otaqda oturan, böyük tənəffüsdə arxa pəncərənin yanında kolbasa çörək yeyən uşağa belə sərt ilk zarafat edilməzdi. Utancımdan yerə girirdim, nəsə eləməliydim, amma nə bilmirdim. Ömr-həyatımda heç kəslə dalaşmamışdım, yumruq mənim üçün ancaq qardaşım qıcıqqlandıranda ona endirmək üçün istifadə etdiyim cihaz idi, buna dalaşmaq deyə bilmərəm, çünki o qədər aciz idi ki, qardaşım gülürdü. 

Məni bürüyən qeyrət hissi ilə onun maykasından tutub, “soyunub-geyinmə otağı”nda  skamyanın üstünə uzatdım. Bizdə məktəbdə otaq belə adlandırılmışdı. Sonra qarnının üstündə oturub sinəsinə yumruqlar vurmağa başladım, amma orda böyük ehtimal ki, yumruqlarımın təsiri yox idi, əclaf cüssəmin ağırlığından nəfəs ala bilmədiyi üçün daha tez təslim oldu.

Həmin gün dünyada ən nifrət etdiyim insan idi. O günlərdən onun qızı olanda ondan 9 saat fərqlə yaşadığım yerdən sevincdən hönkür-hönkür ağladığım insan olmağa gələn dövrdə nələr yaşamışıq kim bilir. 

Hadisə 2.

Ən yaxın ikinci dostumla tanışlıq. 

Onda 5-ci sinifdə oxuyurdum, qırğıza oxşayan o qıyıq gözlü uşağı həyatım boyu görməmişdim. Hətta ilk dəfə görəndə fikirləşirdim “Görəsən 5 manata ağcaqanad öldürən roketkalardan satanlardandır, ya yox?”. Və biz bu hadisədən düz 3 il sonra tanış olduq, 2 il sonra yoldaşlıq etdik, ondan da iki il sonra yaxın dost olduq. 

Sizə həmin günü danışacaqdım, amma bu dəfə hadisə biraz da qısadı. Müəllimdən icazə alıb, ayaqyoluna girdim, işimi gördükdən sonra əlimi yumağa keçdim. Mən məşğul olanda qapı açılıb örtülmüşdü. Əl yuma yerində başını aşağı dikib əli ilə üzünə durmadan su aparan bir qırğız var idi. Rakviumun içi qıpqırmızı qan idi. Neyləyəcəyimi bilmirdim, utana utana “nəsə kömək edə bilərəm?” soruşdum. Fırlanıb məni üstdən aşağı süzdü. Qıyıq gözlərinin altından mənə baxıb “yox, normaldı, tez-tez belə olur” dedi. Şokdaydım, 1.30 boyunda birindən 10 litr qan axırdı və bu mütəmadi olurdu. İllər sonra bunun səbəbin öyrəndim, amma burda onun haqqında danışmayacam, çoxdan o probleminin şəfası da tapılıb onsuz. 

Hadisə 3. 

Gögərti satan.

Bir dəfə məktəbdə 3-4 dənə 2 almışdım. Çünki, həmin dövrdə jurnalla dərslərə son dəfə nə vaxt cavab vermişdyimizi hesablayıb hazırlaşırdıq. 32 nəfər uşaq hər fənn üçün ortalama 3 mövzudan bir dərs danışırdı. Mənim bütün dərsləri son dəfə danışmağıma baxmayaraq, çoxbilmiş müəllimlər məni dərsə qaldırmışdı. 

Burda “çoxbilmiş” ifadəsi indiki fikrim deyil, həmin gün düşündüyüm haqqsızlıqdan qənaətə gəldiyim fikir idi. İndi o gün necə mal olduğumu düşünürəm. 

Nəysə, evə gəldim, biraz rahat idim, qiymətə görə anam bizi atama şikayət edirdi, atam da “özü bilər, mənim üçün oxumur ki” deyirdi. Amma həmin gün çox fərqli idi. Növbəti gün evdə qutab bişməliymiş, mənsə bundan xəbərsiz, saf, kök, boğazına düşkün, özünü ağıllı sayan cahil idim. Evdə şikayət proseduru başladı, gündəliyi görən anam məni 3-4 saat danladı, sonra evə gələn atama şikayət elədi, özümü utancaqlığa vurdum, guya utanıb yerə girirəm, qabağıma da bir kitab açıb qoydum. Guya oxuyuruam. Bir sarı aeroport paketində göyərti dəstələri stolun üstünə gəldi, indi gözümdə şişirtdiyimi düşünürəm amma çox göyərti var idi. Atam “sabah gedirsən bunları satmağa, oxumursansa bir p…. dərman ol dedi”. Bu cümlə ilə birlikdə göz yaşlarım sel-suya döndü, həyatımda o qədər ağlamamışdım. Ondan sonra da o qədər ağlamamışam, göz yaşı limitimi doldurmuşdum. O gün əfv olundum, növbəti günlərdə bütün dərslərdən 5 aldım, 2 gün sonra isə evdə qutab qonaqlığı idi, mənsə illərlə o qutablarla, satmalı olduğum göyərtiləri məntiqi olaraq əlaqələndirməmişdim. 

Hadisə 4.

Atverka. 

Qardaşımla tez-tez dalaşırdıq, evin otaq qapısının sındırıb, guya valideynlərimiz görməz deyə fikirləşib, şəffaf skoçla belə yapışdırdığımız olub, tutulmağımız nə qədər çəkib?.Bir saniyədən də az. Anam belə xırda detallara çox həssasdır, o dərəcə ki, arada burda nəyisə itirirəm, o qədər məsafədən videocalla anam “ora bax-bura bax” deyib həyatı boyu canlı görmədiyi otaqdakı əşyaların yerini tapır. Yəqin ki, məni 100% tanıdığına görə belə rahat lıqla “Bu mal 100% corabını soyuducunun buzluğuna qoyub” deyə bilir. Yox bunu heç vaxt etməmişəm, sadəcə absurd nümunə idi.

Uşaq vaxtı bir atverka dəstimiz var idi. Burqac deyirik, nə deyirik bilmirəm. Hətta atam mədəsindən ağrılar içində yatanda, o dəstdən ikisini aparıb qılınc-qılınc oynayaq demişdim. O, məndən çox böyük olduğu üçün ədalət prinsipini nəzərə alaraq, setdəki ən balaca atverkanı ona verib, ən uzununu özüm almışdım. Zorroya baxdığım ilk dönəm idi, bir iki dəfə qılınclarımızı toqquşdurandan sonra uzun atverkanı onun sinəsinə uzadıb sıxdım, yox bu çox şiddətli deyildi, amma mədəsinin ağrısı o qədər idi ki, birdən əsəbləşdiyini gördüm, atverkanı mənə uzadıb apar yerinə qoy dedi. Gözlərindəki o əsəbi görürdüm, amma üstümə qışqırmadı belə. 

İllər sonra həmin atverkalarla oynayanda necəsə o balaca tayını sındırdım. Sarı şəffat tutacağı var idi, düz birləşdiyi yerdən sınmışdı. Əşyalara çox dəyər verən anam çox əsəbiləşəcəkdi. Təbii ki, kasıblıq diz boyu idi, bəlkə də bizi doyurmaq üçün pul qazanılırdı evdə, yeni atverkaya veriləcək pul yox idi. O atverkanı zibilə atıb göz qabağında qoymamaq lazım idi, ona görə yaxşıca gizlətməliydim, gizlətdim, hətta elə gizlətdim ki, illər sonra yadımdan belə çıxmışdı. 

Atamın işləri yaxşı gediri. 2-3 il keçmişdi, mən də 1-ci sinifə gedirdim. O atverka itdiyi vaxtdan axtarılıb tapılmamışdı. Detallara həddən artıq fikir verən anam təbii ki, onu tapmadığına görə daha da əsəbləşirdi. Həmişə evdə axtardığı bir şeyi tapmayanda “qanad açıb uçamdıki” deyirdi, bilmədiyi isə atverka uçmuşdu. Evimizdə təmir gedirdi, eyvanda SSSR-dən qalma bir stol var idi, iki qat açılan stol, ayaqları filan dəmir idi, üstündə yeşikdə kartof yığırdıq. Evində təmir gedən hər orta statistik azərbaycanlı kimi, eyvanu mətbəxə qatmaq dönəmindəydik, o stolu içəri keçirmək üçün bir böyrü üstə yatırdılar və taaadaaaaam. Skoçla qırıq atverkanı stolun altına yapışdırmışdım. Yəni bananı ducktape-lə divara yapışdıran komedian artist yəni ilk Maurizio Cattelan mən idim. Atverka tapıldı, illərdi “qanad açıb uçan” atverkanın əsəbi 3 il sonra mənə partladı. Qəşəng döyüldüm. 3 illik gecikmiş şapalağın dadı da bir başqa olur. 

Bu hekayələri sonuncunu çıxmaq şərti ilə o gün dostuma danışdım. Gülməkdən qarnımıza ağrı girirdi. Sonra biraz fikirləşəndə hər kəsin yaşadığı maraqlı şeylər var, başqasının döyülməsinə paxıllıq etmə deyə düşündüm. Bizi biz edən yaşadıqlarımız, öyrəndiklərimiz və həyatı ciddiyə almaq səviyyəmizdir. Və hər kəs bu miqyasda çox dəyərli olur. Onsuzda həyatımız da 70 illik zarafat deyilmi?

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close