Özümü kölgə bərbər kimi hiss edirəm. Diqqət çəkmək üçün saqqalıma filan çəki-düzən vermişəm, bir dəsmal çiynimdə hovuza tullanmağım qalıb. Amma o hovuzdakı hərəkətləri edə bilmərəm. O, başqa bir hissdən irəli gələn hərəkətlər toplusudur.
Dünyanın düz vaxtında çox işləyirmiş kimi bugünü özümə istirahət elan etmişdim. Evdə boş-boş oturmaqdan sıxılıb trendə düşən “Sobada dönər” bişirməyi yoxladım, həqiqətən əla alındı. Həyatımın geri qalanında $28-lıq İsgəndər dönərindən qənaət edə biləcəm.

Bugün illərdir fikrində olduğum bir şeydən danışacam. Yox zərrə müdrik biri deyiləm ki, bu məsələnin həllini tapım. Amma, zamanla inandığım şeylər var. Əvvəlki məqalələrdən birində xoşbəxtliyin sirrinin vecsizləşmə olduğunu düşündüyümü qeyd etmişdim. İnsanlar dəyişir, həyat dəyişir, texnologiya dəyişir, təbii ki, fikirlərimiz də dəyişir. Mənim fikrim isə həddən artıq tez dəyişir, dünən düz dediyimə, bugün səhv deyirəm. Bilmirəm, mən də bir cür malam. Amma, böyük ehtimal bundan sonra bu haqqda fikrim dəyişməyəcək. Çünki, bu dəfə vannanın içində “Evrika” qışqıran da mənəm, sonra özlüyümdə tapdığım şeyin bu qədər insan arasında tapılmış olduğunu düşünüb açıb bir filmə baxan da. Film tövsiyəsi hissəsinə gəldiksə, sizə Cem Yılmazın “Pek Yakında” filmini məsləhət görürəm. Yəqin ki, top100-mə də girməyəcək bir filmdir, amma hər bir halda ssenarisi türk filmi çərçivəsindən xeyli çıxa bilmiş nadir filmlərdəndir. Bir də illeqal saytlardan film izləyə bilmirəm, youtuba-da pulsuzdur deyə rahat baxa bilirəm. Yenə söhbəti uzadıb haralara gəldiyimi bilmədim. Tapdığım “Xoşbəxtlik” sirrini sizinlə bölüşəcəkdim.
Deməli, son dövrlərdə günlük “mood”-ma nəzarət edərək, əhvali-ruhiyyəmin necə kəskin dəyişdiyini müşahidə edirdim. Hətta dəyişən bir mahnı belə məni “səhəri kofesiz aça bilməyən” qlamur plaza işçiləri demiş “high” və ya “moodum yoxudye balam” hiss etdirə bilir. Son aylarda günlərimi xatırladıqca isə necəsə bəzi günlərdə həddən artıq sevindiyimi hiss elədim. Düzdür o günlərin sayı bir əlimin barmaqlarını keçməsə də mənim müşahidəmə dəstək olacaq qədər nümunəyə sahib olduğumu düşünürəm.
İllər əvvəl GC-nı yeni udduğum dövrlərdən birində işyoldaşlarımdan biri “Orda gedib neyləyəcəksəne?” Sualına “ Milyoner olacağımı düşünmürəm, həm belə marağım da yoxdur, amma qarşıma çıxan bu şansı dəyərlədirmək istəyirəm, bəlkə xoşbəxtiyimin sirri ordadır” demişdim. Bilmirəm niyə amma, burada qarşı tərəfin çox sadə, mənimsə çox rəsmi danışdığımı qeydi etmiş kimi görünə bilərəm, amma belə deyildi. O, çox rəsmi və etik, mən isə çox savadsız formada bu dialoqun üzvləri olmuşduq. Həmin dövrdə həqiqətən insanların bir hissəsinin hər gün günəşi xoşbəxtliklə qarşıladığını düşünürdüm. Bura köçməyimin 3 cü ilinin tamamında isə bu fikrim tamam dəyişib. Xoşbəxtlik dediyimiz hissin çox kiçik anlara ilişib qaldığını düşününməyə başlamışam. Bilmirəm, bəlkə də yaşa dolduqca emosianal olaraq həssaslaşır deyə insan hissləri daha çox qəmgin görünür. Mən isə bu fikrimdən qəmlənmirəm, hətta daha çox sevinirəm. Bu məncə həyatım boyu başa düşdüyüm ən dəyərli şey ola bilər. (Başa düşdüyüm deyəndə, bunun 100% düz olduğunu nəzərdə tutmuram. Təbii ki, 3 il sonra daha fərqli düşünə də bilərəm, söhbət bugün anladığım şeydən gedir). Bəs bunu niyə belə düşünürəm?. İllərdi ən yaxınlarımdan və yaxınlarımdan uzaq qaldıqca necə mənasız şeylər üstündə incidiyimizi hiss etməyə başlamışam. Kiməsə keçmişdən maraqlı hadisələr danışanda isə 90-95% hadisələrin ən əyləndiyim vaxtlardan olduğunu, geri qalanının isə həqiqətən gözləmədən yaşadığım pis hadisələrdən ibarət olduğunu sezirəm. İnsan olaraq günün monotonluqlarından qaçıb ən pik və ən çökəklikdə olan xatirələri “save as pdf” edirik. Ən çox güldüyümüz, ən çox gözlənilməz, ən çox üzüldüyümüz hadisələr isə bizi biz etməyə başlayır. Ən xoşbəxt hiss etdiyin zamansa sadəcə anlarda ilişib qalır və ya şəxslərdə.

Bayaq dediyim o dadlı yeməyin resepti.
Bir kg çəkilmiş ətə, 1.5 xörək qaşığı qatıq, ağız tamınıza uyğun duz və istiot, 2.5 çay qaşığı tomat, 3-4 diş sarımsaq qatıb, yağlı kağızın içində lavaş kimi incə yayırsız sonra kağızı rulet kimi bükürsüz. Sobanızda bişirmə mode-ları varsa, “BROİL” mode-unda 25 dəqiqə bişirirsiz, 7-8 dəqiqədən bir açıb suyunu süzün.
Belə blog harda tapacaqsız e, iki dəqiqənin içində həm yemək resepti verir, həm də fəlsəfi söhbət edir.
Di sağolun, özünüzdən muğayat olun, dayıgilə də salam deyin.
