Dünyanı qurtarmağın kim bilir, neçə yolu var. Bəli, bunları sıralamazdan öncə niyə bu mövzuya toxunmaq istədiyimi deyim.
Neçə vaxtdır ağır depressiyadaydım. Son məqaləmdə də yazdığım kimi, özümü heç vaxt hiss etmədiyim qədər məqsədsiz hiss edirəm. Bu ağlamalı halıma gülmək üçün min bəhanəm də var. Bu gün də o yazının mənə yaxşı təsir etdiyini hiss edərək, həyatımda əskik olduğunu düşündüyüm bir qəhrəmanlıq hekayəsinə toxunmaq istədim. Belə dövrləri hamımız yaşayırıq. Mən olmaqda əziyyət çəkən bizlər, Spider-man olmağa çalışırıq. Sanki bizdən əvvəlkilərə heykəl qoyulubmuş kimi, öləndən sonra insanların barmaqla göstərib “zor oğlan idi” deməsini istəyirik. Halbuki bizim Tağıyevdən sonra qibtə edilən xeyriyyəçimiz Batyadır.
Arxa fonda “Qurban Nəzərov ft Elnur Valeh – Qara Zindan 2013”.
Nəysə, yenə öz-özümü linç elədiyim bir vaxt idi. Dirsəklənib oturmuşdum, dərd aparırdı ki, görəsən Afrikada camaat susuzluqdan necə əziyyət çəkir və hal-hazırda dünyada məndən daha duyarlı biri varmı ki, bu an bunu düşünür?
Bu anda arxa fonda “Linkin Park – One More Light” oxuyur. Kövrəlirəm. Chester də yaxşı oğlan idi. Qolundakı tatularını böyüklərimiz bəyənməsə də, məni cəlb edirdi. Hətta bir qoluma onun aloylu qollarındakı tatulardan həkk etdirib Chesterin əziz xatirəsinə bir ərmağan eləməyi belə düşünürdüm. Sonra “dünyada bu qədər yaxşı insan yaşadığı halda niyə məhz o?” deyə düşündüm. Bir dəqiqə sonra həvəsim qaçdı. Düşünmək vərdişindən uzaqlaşmağa çalışdığım üçün özümü toparladım. Musiqi hələ də arxa fonda gedirdi.
Yox, bu mənim şüuraltım deyildi. Sadəcə telefon şalvarımın cibində necə oldusa, son oxunan playlistdən öz yoluna davam edirdi. Telefonu çıxardım və söndürdüm. Sonra bir vərdişlə Instagramın telefonda olduğu yerə doğru barmağım hərəkət etdi: sela sürüşdür, search bara bas, “Insta” yaz… və daxil ol.
Darıxdığım iki şey var: “vjjuuuuuuuuuuuuuuuuuiiiiiiiiiii” deyə qışqırıb Tarqovıda fırlanan qaqaş və yaxın dostlarımdan birinin mənə vinelərini atdığı qaqaş. Deməli, bu qaqaş başına nəlbəki papaq qoyub ata obrazı canlandırır, sonra o papağı çıxarıb canlandırdığı ata obrazının oğlunu canlandırır. Təbii ki, atanın qərb bölgəsinə məxsus ləhcəsi var.
Videoya başlayanda (-_-) bu emosiya ilə giriş edirəm, video bitəndə (-_-) yenə bu sifətlə oluram. Şərhlərə baxıram, hamının qarnı cırılıb gülməkdən. Bu qədər insan buna gülürsə, deməli problem məndədir deyib Alim Cəfərin profilini bağlayıram, dostuma da bu qardaşın məni güldürmədiyini deyib söhbəti bitirirəm.
Dünyada aclıq var, mən isə bir neçə dəqiqədir sosial şəbəkələr haqqında fikirləşirəm. Müharibələr, bu müharibələrin Azərbaycanın yaxınlığında olması, Afrikada susuzluq, əriyən Antarktida buzları, ölən koalalar, Kanadada immiqrasiya problemləri, Amerikada “Trump zordu” (bu aralar çox da şey eləməyək).
Artıq Superman olub dünyanı qurtarmağın vaxtıdır. Amma, mən lasin geyinməyəcəm, belə gözləntiniz olmasın. Başlayaq:
Müharibələr:
Bir müharibə olsa və dünyanı bir ölkə işğal etsə, sərhədsiz, vahid sistemli və cənab bir şəxsin idarə etdiyi firavan bir ölkədə yaşayardıq. Quru sərhədlərin açılmasına ehtiyac olmazdı (onsuz da sərhəd yoxdur). Hər yerə 2007–2008 Corolla ilə gedə bildiyimiz bir ölkə. Toyota da yaxşı maşın buraxıb, əsl daşdöyəndir.
Deməli, dünyada müharibələri bitirdik.
Afrikada su:
Əslində bu başlıq bir az qəribə oldu. “Afrikada su” – çox ironik səslənir. Bu, ən asan həll yoludur. Çünki təklif etdiyim layihəni pərakəndə şəkildə həyata keçirənlər var. Biz bu pərakəndəliyi aradan qaldıraraq məsələni bir dəfəlik həll edəcəyik.
Bildiyniz kimi, Afrikada könüllü qruplar 20–30 sm diametrli quyular qazaraq artezian suları çıxarır və beləliklə yerli camaata kömək edirlər. Mən təklif edirəm ki, Afrikada ölçmələr aparılsın və tam mərkəzdə diametri 500 km olan yekə bir dəlik açılsın. Burada böyük bir artezian quyusu olsun və beləcə ətrafdakı torpaqlar da nəmlənsin.
Düzdür, torpaq sahəsi azalacaq, amma bunun da köklü bir həlli olmalıdır. Yox?

Kanadada və s. ölkələrdə immiqrasiya problemləri:
Bəli, siz yuxarını oxuyanda mən bunu da həll etdim. İlk problemin həllindən sonra artıq yer üzündə immiqrant qalmır.
Əriyən Antarktida buzları:
Sadə məntiqlə başlasaq, buzlar dünya miqyasında istiliyin artması səbəbi ilə əriyir. Bu buzların əriməsinin qarşısını almaq üçün temperaturun tənzimlənməsi vacibdir. Freeman Dyson-un fizikaya verdiyi ən gözəl ideyalardan biri Dyson sferasıdır. Bəlkə də bu haqqda eşitmisiniz. Eşitməmisinizsə, Fizika müəlliminizdən soruşun. Böyük ehtimalla o da bilmir. ChatGPT kömək olar.
Bu kürə Günəşin ətrafına quraşdırılmalıdır. Amma, biz bir dəyişiklik edib, bunu dünyanın ətrafına düz-qoş edək. ChatGPT-yə görə indi başlasaq, 200 il az-çox fərqlə 1000 ilə hazır olar. O vaxta qədər buzların əriməməsi üçün dua edirik. Təbii ki, bu 1000 illik dövrdə bayaq təriflədiyim Toyotanın da köməyi olacaq. O, yüksək texnologiya ilə 5100 km²-lik sərinləndirici düzəldir. Qoşuruq sferanın divarına.
Pultu da tək ölkənin tək prezidentinə veririk. Bir dənə də yapon tərcüməçi – pultun üzərindəki yazıları tərcümə etmək üçün. Təbii ki, istifadə olunmayacaq deyə təlimat kitabçası düzəltmirik. Beləcə bir ağacı da dünyaya bəxş etmiş oluruq.

Zarafat bir yana, bu problemlər həqiqətən də ciddi problemlərdir. Həqiqətən eyni anda mənimlə eyni cür düşünən neçə adam var deyə dərd məni boğur. Sinəm ağırlaşır, nəfəs almağın yerini qəribə bir gücsüzlük hissi bürüyür. Üfunət və hər şeydən uzaqlaşdığımı hiss edirəm. Bütün pisliklərdən canım qurtarır.
Sonra bir şiddətli su səsi gəlir. Əlimi yuyub ayaqyolundan çıxıram.

Bütün bu problemlərin keşməkeşinə bir yenisi qoşulur:
Bu saymazlıq və bu həvəssiz, depressiv dövrümdə ən böyük problemimlə üzləşməyə gedirəm. Bloodborne-da son həftədə keçə bilmədiyim klinikadakı xalanı öldürməliyəm ki, bir az xal yığıb bosslarla döyüşə girim.
Sağ olun…
