Bu aralar biraz dağınıq olduğumu hiss edirəm. Günlərimin çox mənasız bir başlanğıcı və bitişi var. Ətrafımda hər şey hər yerdə. Corablarımın cütlərini tapmıram, eyni model olan corabları bir-biri ilə cütləməyə belə məntiq işlətməmək üçün əlimdən gələni edirəm.
Hər səhər saat 5-də oyanıb tavana baxıb göz məşqi edirəm. Zalımların ev dizaynında belə tavanda sallanan bir lampa yığını olmadığı üçün ağ divara düz baxıram. Baxdıqca ağ divar uzaqlaşır, uzaqlaşdıqca mən baxıram və o uzaqlaşmağa davam edir. Bu sonsuz döngünü saxlamaq üçün çiynim üstünə uzanıb əllərimi bir-birinə pərçimləyib gözlərimi yumuram.
Gözlərim bağlı olsa da o qaranlıqda əllərimin siluetlərini görə bilirəm. “Yarasa da belə görür?” deyə fikirləşib, divar kimi məndən uzaqlaşan əllərimin ağırlığından yorulub “Sənə nə var, yarasa necə görür?” deyib yatıram.
İki saat sonra yenə oyanıb ətrafa baxıram. Bostonda hava qəribədir — saat 8-də leysan yağır, amma 11-də 32 dərəcə isti olacaq. “Sənə nə var?” — yenə yatıram. Ta ki yata bilməyənə kimi… Yuxumun sonunu da sıyırıb çörəklə ağzıma atandan sonra oyanıram. Çox istidir. “Sənə nə?”.
Saat 12-dir, hələ 12 saat da var. Telefonumu açıb Instagramda boş-boş qışqıran, nişanlısı Rabianın dırnağına lak çəkməsindən narahat olan, bir gözü aya, bir gözü Yupiterə baxan qaqaşın videolarına gülüb, biraz da onun bu tükətim toplumunda alçaldılaraq üzərindən pul qazanılmasına üzülməyi planlaşdırıram.
Ki, arada oyananda sosial şəbəkə hesablarımı deaktiv etdiyimi xatırlayıram. “Sən 18 yaşlı, çeçenkə saçlı sevgilisindən ayrılan Aykasan? Dur, bir də pəncərəyə əli qoyub şəkil çəkdir,” deyib özümə əsəbləşib, qərarımda daha dəyanətli olmaq üçün dişlərimi sıxıram. Anidən kənddəki qonşumuz yadıma düşür.
“Görən salamatçılıqdır? Sənə nə!”
Nə edəcəyimi bilmirəm. Çoxdandır “void syndrome”a düşməmişdim. Bəli, bu frazanı ChatGPT-də tərcümə etdim, çünki “heçlik sindromu”nun qarşılığını 30 illik ömrü-karyeramda araşdırmaq ağlıma gəlməmişdi.
Son dəfə belə hiss edəndə özümü necə toparlamışdım, deyə xatırlamaq üçün keçmişə baxmağa qərar verdim.
“Şah İsmayıl da yaxşı oğlan idi, sadəcə o vaxt başa düşmədilər. O da getdi ‘Bahariyyə’ adlı şeiri yazıb 9-cu sinifdə bizə əziyyət verdi,” — düşünürəm. 1514-də adını çəkəndə cəmiyyətdə gülüşülən döyüşdə uduzmasaydı, görəsən yenə eyni olacaqdı hər şey?
Nəysə, çox köhnəyə getdiyimi hiss edib biraz zamanda irəli gəldim.
1918: metroda şəkli sökülüb yerinə lambrinlərlə naxış vurulan oğlan da yaxşı oğlan idi. Adını görən 50 il sonra xatırlayacağıq?
Yəqin ki, yox. Kədərli. Sənə nə?! 50 il yaşamaq planın var?
Biraz da gələcəyə gedək. Nə də olsa bu zaman maşını beynimdədir və benzin yandırmır. Yandırsaydı yəqin 95 içər. Bir 95 benzin istifadə edən maşının verdiyi özgüvənlə 120 ilə gələcəyə gedirəm. Onsuz da polislər maşına baxıb saxlamayacaq.
Biraz ora-buramıza biz də yaxaq. Gəlirəm 2020-yə. Twitterin… bağışlayın, “X”-in Azərbaycanda xod getdiyi dövrdə nə yaşanırdı? Nəysə, boş ver. Depressiyaya hansı dövrdə düşmüşdüm, tapa bilmədim.
Görən Fenerbahçe transfer edib? Aha, Jadon Sanchoya təklif göndəriblər. Yaxşı olar, alsalar. Pis xəbərə oxşamır.
Saat 12:30. “Lənətə gəlsin, 11 saat 30 dəqiqə var hələ.” Acam, amma nəsə bişirməyə heç həvəs yoxdur. Kresloda oturub sosial media bağlılığımı LinkedIn-lə bağlamağa çalışıram.
Camaatın iş paylaşımlarına baxıb, normal bir layihə postuna reaksiya verməyən kişilərin iş axtaran 35-40 yaşlı subay qadının postunun altında əl çalmaqlarına baxıb yola davam edirəm. Niyə iş axtarma postuna özünün full bəzəndiyin toy şəklini qoyursan?
…Sənə nə?!!!
Biraz da X-də Yağız Sabuncuoğluna baxaq. Sanchodan başqa təzə transfer xəbəri yoxdur. İki-üç ölkə bir-birinə raket atır, sonra o başladı, bu başladı deyib anasına “açet” verən uşaqlar kimi ağlaya-ağlaya fırtdılığlarını silirlər. Fırtlıq, Fırtılıq, Fırtdanağ nə fərqi var?
60 il yaşayacağımız bir torpaq üstündə xətt çəkib “ora sənin, bura mənim” bölgüsü aparırlar. “Mənim xəttlərimin arasında insanlar daha azaddır,” deyib o birinə keçib “Nə var, nə yox, bratan?” deyib qayıtmağa, mənliyimizi sübut edən kitabçaların arasında bir tərəfi selikli maddə ilə yapışdırılan kağızları almaq üçün, bank hesabına qoyub, çıxarış aldığımız və 5-10 nəfərin arasında fırlanan çoxdanıncı illərdə Lidiyada başımıza urcaq edilən 5000 dollara aldığımız çıxarışları aparıb sənin, mənim kimi adamların qabağına qoyub, bir həftə “Görəsən, mənə sol tərəfində şəklim, sağ tərəfində rəqəmlər və yazılardan ibarət, gizli saxlamalı olduğum məlumatlar olan keçid talonunu verəcəklərmi?” — deyə düşünəcək qədər azad olmaq…

Bu azadlıqdı? Sənə nə?!
İbtidai sinif yadıma düşür. Bir neçə gün əvvəl yadıma düşən bir xatirə, yenə yadıma düşür. Özümə acıyıb gülürəm. Amma ən çox özümə gülmək xoşuma gəlir. Çünki, istəsəm də özüm özümdən inciyə bilmirəm. Bir də xətrimə dəymir.
Əlqərəz, deməli – günlərin bir günü, necəsə oldu, kimsə və ya nəsə görə bimədiyim bir varlıq mənim məhrəmimə, beyin dəftərimin səhifələrinə daxil oldu və orda “.” bu işarənin qarşılında işarələnmiş sözü sildi. O hadisənin üstündən 22 il keçib, amma mən hələ də elə aciz olduğum 20 dəqiqəni xatırlamıram. Məktəbdə bir savadlı bir savadsız uşaq adları yapışdırılan iki uşağı yan yana oturdurdular ki, savadlı olan sistemin öyrətdiyi şeyləri digər savadsız sayılana öyrətsin. Mən təəssüf ki, savadlı olan idim və yanımdı “.” bu işarənin qarşılığını soruşa biləcəyim qıza mən nəsə öyrətməli idim. Ona yadımdan çıxan sözün nə olduunu izah edənə kimi 20 dəqiqə keçdi. Sonunda əl-qol hərəkətləri, kağıza bir neçə dəfə taqqıldadaraq yadımdan çıxan sözü izah etmək cəhtlərim alındı və cavabı aldım. “Nötqə” bəli, növbəti 10 gün ağzıma heç uyuşmayan bu sözü istifadə etdim. “Nötqə, nötqə, nötqə” taaaki, anam onun yenidən “Nöqtə” olduğunu beynimə mixi yazılarla həkk edənə kimi. 30 yaşım var və hələ də “Nöqtə” deyəndə “Q” hərvini 5-6 dənə yan-yana deyirəm.
Saat 12:45. Otağa keçib bir yerdəyişmə ilə kreslonun üstündən iki köynək, iki şortikimi kravatın üstünə transfer edirəm. Özü də vizasız. Corabımın biri kravatın altına düşür, yəqin ki, o biri təklərin yanına gedir. 4 dənə olublarsa OKAY oynaya bilərlər. Amma evdə OKAY yoxdur.
Kompyuteri açıram. Bəlkə bir oyun alım — “Elden Ring” 69$. Niyə sırf bu qiymət? Yəni bu şirkət bu qiyməti necə və nəyə əsasən əldə etdi? Sənə nə? Onsuz da bahadır. Boş ver.
İllik 45 manat ödəyib heç nə etmədiyim blogum yadıma düşür. Biraz ürəyimi boşaldım, bir nəsə yazım, paylaşım. Onsuz ChatGPT ilə də şəkil haqlarım bu günlük qalıb, onlarla da bir cover düzəldərəm.
Yazımın son nöqtəsini qoyub ChatGPT-yə atıb qrammatik və hərf səhvlərini düzəltməyini soruşuram. Biraz da özgüvənimi artırmağa ondan “necə məqalə oldu?” — deyə soruşacağam.
Bu arada, bu məqaləni yazdığım hər saniyə təkrar-təkrar “Anar Nağılbazın – Gəl gülüm” trackinə qulaq asırdım. Əfsanə səviyyəsiz rapdir, məsləhət görürəm.
Məhəllədəki Qüdrətin dediyi kimi:
“Di davay, qaqa…”
P.S. ChatGPT-nin yazım haqqında fikirləri oxuyub, gözümü bürüyən qürur göz yaşları ilə yatmağa gedirəm.
“Məqalən orijinal, səmimi və özünəməxsus üsluba malikdir. Həqiqətən də yazıdan hiss olunur ki, bu, “sadəcə yazmaq üçün yazılmış” deyil — beynindəki xaosu, gündəlik absurdluqları və sarkazmla örtülmüş narahatlığı olduqca yaradıcı və fərqli dillə ifadə etmisən. Gəlin bir az ətraflı baxaq:”
