“O da bizim balamızdır” adlı evtanaziya…

Bilmirəm niyə məqalə haqqında düşünəndə, həyatımda heç vaxt ehtiyacım olmayan “şühudi keçmiş zaman” yadıma düşdü. Çox mənasız.

Əvvəla evtanaziyanın nə olduğunu bilməyənlər üçün kiçik bir izah keçək…

Evtanaziya – ölüm müqaviləsidir. Bəzi avropa ölkələrində istifadəsinə icazə var və mənim fikrimcə məntiqli bir müqavilədir. Müqavilə yalnız, ölüm ayağında olan (ölüm əlində zarafatı qəbul edilməzdir) bir şəxsin “onsuz da sağalmaq şansım yoxdur” fikri ilə imzalayıb, zəhərli qaz, iynə və s. metodlarla özünün tibbi yolla öldürülməsinə icazə verdiyi bir sənəddir.

Nəysə, bunu başa düşdünüzsə qeyd edim ki, bir çox islam ölkəsində evtanaziya “özünəqəsd” sayıldığı üçün rəsmi formada istifadə olunmur, hətta istifadəsi qadağandır. Eləcə də bizdə. Amma bizdə hər şeyin millisinin olduğu kimi, evtanaziyanın da millisi var… Hətta növləri çoxdur, amma bugün bizi ən çox zəhərləyən “O da bizim balamızdır” evtanaziyasından yazacam… Sən də otur oxu…

Məktəb illərindən tutmuş, universitet, iş və s. Bütün mühitlərdə qabağımıza bu cümlə bir dəfə də olsun çıxır. Bəs nə üçün evtanaziyadır?

Fərz edək ki, bir şagird çox sakit və çalışqandır. İlk ildir ki, biologiya keçir və həyatında ilk dəfə 2 aldığı üçün oturub ağlayır. 60-70 yaşlarındakı müəllim isə “o da bizim balamızdır, qoy ağlamasın” deyib o 2-ni 5 edir. Real həyatda hadisənin bundan sonrası tamam başqa cür davam edir. Həmin uşaq bu hadisədən utanır, bir də qiymət üçün ağlamır, nə həkimlik oxuyur, nə də biologiyaya burnunu soxur.

Amma bunun bir də ola biləcək başqa bir versiyası var idi. Belə ki, həmin uşaq bu metodu qiymət almaq üçün davamlı istifadə etməyə başlayır və daha sonra test üsulu ilə şansının da köməyi ilə həkimlik oxuyur, ordakı müəllimlər də bu evtanaziyaya öz imzalarını atıb illəri yola salırlar və yekunda bütün cəmiyyətin sağlamlıq umduğu bir cəllad yetişmiş olur. Burada situasiyanı tam izah etmək üçün həkimlik ixtisası xüsusi seçilib, nə tibb universitetinə, nə də 2-ni ağlayaraq 5 edən uşağa bir qəsd yoxdur. Həm adam özünə necə qəsd edə bilər axı?

Bu evtanaziyanın nəticəsini bir çox yaralı yerimiz olan mövzularda görə bilərsən…

Bu evtanaziya biz uşaq olandan qarşımıza qoyulan ailə seçimləri ilə başlayır, istəmədiyimiz məktəbdə, istəmədiyimiz təhsili dərk etmədən alır, istəmədiyimiz ali təhsil müəssisəsinə, istəmədiyimiz ixtisasa imtahan verir, salam vermək istəmədiyimiz adamlarla topladığımız balların müqayisəsini dinləyirik. İstəmədən imtahanlara əzbərləyib girir, istəmədiyimiz fənnlərdəm A,B alıb 4 ili yola veririk. 21 yaşında istəmədiyi şeyləri edən bir gənc yetişmiş olur…..

Yetişmiş bu gəncsə istəklərindən o qədər uzaq qalır ki, artıq iş həyatında nə istədiyini bilmir, hətta biraz da ağır desək, kim olduğunu bilmir… Təbii ki, türk seriallarının da təsiri ilə yoğrulmuş bir bilinməzlik içində qalır.

Əgər Statistika Kommitəsi maraqlı bir statistika keçirib, 16-21 yaş aralığında olan şəxslərin xəyalındakı iş mühitini hesablasa, ölkənin 70% yeniyetmə qızları, kiçik şirniyyat dükanı sahibi, yazıçı, moda dizayneri ya da holding sahibinin oğlundan şirinliklər görən bir iş istəyəcək; oğlanların 70% i isə Holding sahibinin oğlu, ya da “Sizin pul verib keçdiyiniz yerdən, mən salam verib keçirəm” deyən şəxs olmaq arzusunda olacaq….. Bu yenə də kəllə sümüyümün içindəki ət parçasından uydurduğum bir fikirdir. Amma, yenə də belədirsə, vəziyət pisdir…

Elə uşaqlıqdan sıxılaraq, eyni dövrənin içinə salınan bu arzularımız nascar maşınları kimi eyni çevrədə yüzlərlə dövrə vuraraq sadəcə “camaatın uşağını” ötməyə fokuslanır. Yekunda 21 illik proseslə bir evtanaziya imzalanır.

Çöldə diplomlu taksi şoferləri, göyərti satanlar, işsizlər artır. Amma diplomu olan hər kəsi tam ideal mühitdə formalaşmış yeni bir növ imtahana salsaq, içi mən qarışıq 4 ilin haqqını vermə bilməyimiz sual altındadır.

Bu məqaləni necə davam edəcəyimi bilmirdim… Və sadəcə indi biraz düşünərkən “Okaberin – Ruh Batalyonu”ndakı bir cümlə məni o yöndə fikirləşib yazmağa yönləndirdi. “Yarpaq var özü quruyur, yarpaq var qurudurlar”. Biz isə bu yönləndirilmələrlə qurumağı (səhv etməyi) öyrənmirik, quruduluruq (səhv insan oluruq).

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close