Z for Zülümov!

Yaşadığımız bu dövrdə hər kəsin Vendetta olmaq kimi bir istəyi, sevgisi və hərisi var. Həri deyəndə barmağa taxılan üzük və ailələrin bir-birini tanıması mənasına gələn ayin deyil, izahlı lüğətimizə inansaq “Bir şeyi etməyə, yaxud öyrənməyə, bilməyə göstərilən hədsiz həvəs, meyil, maraq; aludəlik” sözündən söhbət gedirdi. Nəysə, yenə bir sözün ucundan tutub tamam başqa mövzuya keçid etdim. Nə başınızı ağrıdım 1982-də dərc edilmiş Alan Moore dayımızın saqqalını ağardaraq A-dan V-yə qədər araşdırıb yekunda yazdığı “V for Vendetta”sındakı Vendetta ilə, bizim “Mooredən gələn” və A-sını, B-sini, C-sini belə araşdırmadan, nəticəyə qaçıb formalaşdırdığımız Z for Zülümov arasında böyük fərq var.

Bizim Zülümov ədalət axtarışını ikili standartlara uyğun formada aparır və nəyisə düzəltmək mərhələsində “Ə, qaqa, bir mənimlə düzəlmiyədzcək” deyərək özünü İnsan Hüquqları Məhkəməsində müdafiə edir. Və yekunda bəlkə də heç baxmadığı filmdə istifadə edilən böyük cümləni acizləşdirir. “Qaydalar pozulmaq üçün var”. Bəli qaydalar pozulmaq üçün var, amma sənə yoxdur. Qaydalar böyük inkişaf mərhələlərinə şərait yaradıldığı halda pozulması üçün var. Ya da əgər qaydalar, ikili standartlara səbəb olub, kimlər üçünsə istifadə edilirsə əvvəl-axır pozulmağa məhkumdur. Amma sənin həyatını qorumaq məqsədi ilə yaradılan “Qoşa xətti tapdalamaq” haqqında qaydanın pozulması, sadəcə sivilizasiyanın pozulmasına, mədəniyyət dediyimiz dək dişi qalmış canavarın (burda dişi sözü cinsini bildirirsə, Mehmet Akif Ersoydan dönə-dönə üzr istəyirəm) son dişini yalandan yonub plombla doldurulmasına səbəb olur. Təsəvvür edin ağzınızda bir diş qalıb və o da sinirləri və özü olmayan plomb parçasıdır. Bir dirolun gücünə bənddir.

Yazdıqdan sonra cümləni diqqətlə oxudum, gördüm ki, söhbətimizlə bağlılığı bir kənara, heç mənası da yox imiş. Amma pozmağa da həvəs olmadı, həm də məqaləni uzun göstərir.

Nə isə, yəni, sirdaşlar, əgər o xətti tapdalamağınız sivilizasiyanı inkişaf etdirəcəksə tapdalayın getsin, lap üstünə çıxıb, ağına, sarısına, qırıq-qırığına baxmada eninə, uzununa gəzin. Amma, təəssüf ki, bizim başqalarından ilham aldığımız şeylər başqa mahiyyət daşıyır, etdiyimiz başqa. Etməyin, hələki sakitçilikdir, bir gün yenə o qoşa zolaqların böyük qardaşları üstünüzə gələcək. Yenə yol kənarında durub, xanımların bəzilərinin, yaşlıların xətrinə dəyməyəcək, amma bəylərin hamısının gözünün yaşına baxmadan bir günlük maaşları dəyərində A4 verib, evə yola salacaqlar.

Sözümün canı, onsuz bir simuliasiyanın içindəyik, dünya simuliasiyası, heç mövzunun mahiyyəti A4-də ya da, onun dəyərində, o dəyər üçün iş günlərinizin sayında deyil. Simuliasiyanın içindəki son canınızı Super Mario kimi əjdahanın altından keçib itirməyin.

Və sizə son bir sual:

Sizə Əjdaha lazımdır?

Qeyd: Şəkildə istifadə edilmiş Zülümov obrazı üzərində aparılmış kiçik photoshop əməliyyatı, aktyor Lütvəli Abdullayevə qarşı hər hansısa bir məna daşımır. Allah rəhmət eləsin (09.12.1973).

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close