Xoşbaxtlığ… Xoşbaxtlığğ…

Bir çoxlarınız oxumasanız da, keçən dəfə şərəfsiz olmağın sirrlərindən yazmışdım. Oxumağınız vacib deyil, boş-boş çərənlədiyim mövzulardan sadəcə biri idi.

İndi isə başınızı ağrıdıb “Vecsiz olmaq, vecsizləşmək, ümumiyyətlə güclü olmaq”dan boşboğazlıq edəcəm.

Başlayaq elə güclü olmaqdan.

Kəmərləri bağla, gedirik…

Güclü olmaq.

Güclü olmaq çox geniş məvhumdur. Mənim kimi anormal olanların başa düşdüyü, çətinliklərə dözmək, özünə sərf etməsə belə düzgünlüyə fitvə vermək (bunu mən də həmişə bacarmamış), səhv olduğunda üzr istəmək, vahid bir məqsəd üçün çalışmaq və səbr etməkdir. Normal insanların başa düşdüyü isə biraz fərqlidir. Daha real, daha çox qəbul edilən olur.

Amma normal insanlar üçün güclü olmağın nə olduğunu müzakirə etməzdən əvvəl, sənə güc haqqında danışacam.

Güc nədir?.

Görülən işin, bu işin görülmə vaxtına olan nisbəti güc adlanır. N=A/t.

Bu sətrlə məni Fizikaya nifrət etməklə, sevmək arasında qalmaqda əməyi keçən bütün Fizika müəllimlərimə təşəkkür etdikdən sonra, boş-boş söz yığını olan bu məqalədəki gücdən danışaq.

Bəli, bu məqalədə “kaçka” basıb, şişirdilən “biceps”,”triceps”,”six pack”-dən danışmaq üçün ilk öncə “six pack” deyəndə ağlıma gələn Erdinger paketini unutmalıyam. Erdinger bu məqaləyə sponsor deyil. Olmağına da ehtiyac yoxdur.

Burda dediyimiz güc, bizi bizdən alıb, dünyanın mərkəzinə qoyan, qoltuğumuzu qarpızlandıran, hər kəsi iki dişimizin arasında qalan toyuq əti saymağa vadar edən hissdir. Təbii ki, bir də real güc var. Biz çiy süd əmmişiy axı, güc deyəndə ilk ağlımıza gələn, bahalı villa, baltanın kəsmədiyi pul, 6.5 motor Mersedesin kibrit qutusuna oxşayan cipi və onu reklam edəndə “Qaqa bu maşını əllə yığırlar”dan ibarət olan dünya görüşüdür.

Həəəəə, bir də Bentley-nin salonunda istifadə olunan dərinin soyulduğu bizonlara öncədən Mozart dinlədirlər. Təbii ki, bu iki məlumatla dünyanın ən öndəgedən təbəqəsinin üzvü olmağa yaxın ola bilirsən. Onsuz Mozart-da yəqin yuxarılardan baxıb, simfoniyalarının bizonların soyulmadan öncə dərilərinin yumuşalması üçün istifadə edilməsi ilə qürur duyur.

Deyəndə boş-boş yazıram inanmırsız, mən gücdən Mozarta necə gəldim?.

Əlqərəz, Mozart da güjdü kişi idi.

Normal insanların güclü olmaqla bağlı düşüncəsi, biz anormallardan fərqli olur.

Normal insan üçün güclü olmağı bir məşhur cümlə tam ifadə edir. “Hədəfə gedən yolda, hər şey mübahdır”. Cümləyə bax, bir arada boşluq da qoymur, hər şey, istisnasız hər şey.

Güclü olmaq və hədəfli biri olmaq fərqli anlayışlardır. Güclü olmaq itirməyi bacarmaq, bəzən hər şeyi arxada qoya bilmək, bəzən uduzduğunu qəbul etmək, bəzən hər şeydən uzaqlaşmaqdır……..

Çox nöqtə qoyub o cümləni də dramatikləşdirdim.

Güclü insan sonda vecsizləşir… Bu cümlənin nə qədər real olduğunu bilmirəm, çünki özümdən uydurmuşam.

Anormal biri olaraq mənim üçün güclü olmağın nə demək olduğunu yuxarıda qeyd etmişdim. “Mənim kimi anormal olanların başa düşdüyü, çətinliklərə dözmək, özünə sərf etməsə belə düzgünlüyə fitvə vermək (bunu mən də həmişə bacmamış ola bilərəm), səhv olduğunda üzr istəmək, vahid bir məqsəd üçün çalışmaq və səbr etməkdir.” Xatırlatma üçün bu cümləni təkrar qeyd edirəm. Bir insan bunların hamısını bacarırsa, məncə artıq o vecsizləşmənin ilk addımını tamamlayır. Geridə sadəcə qalan bağları kəsmək qalır.

Vecsizləşmiş bir insan, proseslərin özü üçün nəticəsinin nə olacağını düşünmür, yalnız hal-hazırda düzgün saydığı və ya etmək istədiyi şeyi edir. Bu, “Carpe diem” deyil. Və elə söhbət bura gəlmişkən, bu ifadəni boş-boş işlətməyin. Hər gün pul qazanmaq üçün eyni saatda oyanıb, eyni saatda işə gedən, eyni saatda yemək fasiləsi, eyni saatda işdən çıxan, eyni saatda evə çatıb, yatıb, dünənini bugün təkrar yaşayan bir varlığa çevrilmişiksə, gəl nə carpe-dən nə də diem-dən danışaq. Bu ifadəni yalnız, qeydiyyata alınaraq işarələnmiş, illərlə çalışıb, hər gün eyni işi görərək alınmış, “əsas odur ayağımı yerdən götürür” dediyimiz maşınların pəncərəsində görmək də üzücüdür.

Vecsizləşmənin son pilləsi xoşbəxtlikdir.

Bu cümləni də sadəcə insanlarda səhv gördüyü şeylərdən danışıb, özü də o səhvləri edən, boş-boş yazan biri deyib, çox da üstündə durma. Bunun belə real olması sual altındadır.

Xoşbəxtliyin nə olduğunu ifadə etmək çox çətindir. Moşu belə onun qafiyəsini tapa bilmirsə, o xəyali obraz belə xoşbəxt ola bilmirsə, real obrazın xoşbəxtliyin nə olmasını ifadə etməsi çətindir. Çünki, doymaq bilmir, ani xoşbəxtliklər yaşayır, “Iphone 857 pro max” alıb, bir neçə ay qucaqlayıb, bir il sonra “zaratka saxlamır” bəhanəsi ilə “Iphone 858 pro max” alanda özümüzü xoşbəxt hiss edəcək qədər acizləşirik. Bəli, acizləşirik……

Bəs, mən tam xoşbəxt olmaq istərdimmi?..

Bilmirəm, bəzən xoşbəxtliyin sirrini gördüyüm vecsizləşmə prosesinə girmək istəyirəm, sadəcə günü yaşamaq, bu günün dadını çıxarıb, sabahı düşünməmək. Amma qorxuram….

Polat əmi demişkən: “Sonunu düşünen kahraman olamaz”… Elə, qəhrəman olmaq belə istəmirəm… Çox tənbəlləşmişəm…

Sağ olun….. 🖐️😒

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close