Həyatımızın böyük hissəsini çətinliklər içində keçiririk, amma qurban olduğum beynimiz o qədər saf işləyir ki, ancaq xoş xatirələri “save as” edir.
Əgər biraz uşaqlığını düşünsən, xatirələrinin bir çoxunun xoş hadisələr və ya sənin həyatına ciddi təsir edən hadisələrin olduğunu görərsən (belə olmursa üzrlü say, istisna hallardansan və qaydaları pozmursan).
Maraqlı olan budur ki, əgər beyin yalnız xoş hadisələri və ya sənin vəziyyətinə ciddi təsir edən hadisələri qoruyub saxlayırsa, necə olur ki, ətrafda bu qədər pis insan var?.
Təbii ki, pis və yaxşı nisbi anlayışdır. Amma bu anlayışları ümumi bir tərəzidə ölçmək mümkündür.
Bəs, yaxşı və pisi necə ayırd edə bilirik.
İlk öncə bir cədvəl düzəltməlisən.
Sol hissədə yaxşı insanlara xas olan xüsusiyyətləri, sağ cədvəldə isə pis insanlara aid xüsusiyyətləri qeyd et. Sonra oturub onlara uzun-uzun bax. Diqqətlə və səmimi formada, özündə hər birini 5 bal üzərindən qiymətləndir. Amma səmimi formada, pis olanları da.
Qeyd: Bunu etmək istəmirsənsə, birbaşa şəkildən sonrakı hissəyə keçid et, yoxlamaq istəyirsənsə, şəkildən sonranı hələki oxuma.

Mən, bugün öz təcrübəmə əsasən kütləmizə görə yaxşı insan və pis insan anlayışının necə qəbul edildiyi haqqında biraz fikir bildirəcəm. Təbii ki, bu mənim fikirlərimdir, səhv olma ehtimalı da çoxdur. Və bayaq cədvəl doldurub, diqqətlə onu özün üçün qiymətləndirdinsə, bunun məqalənin növbəti hissəsi ilə heç bir aidiyyatı yoxdur, sadəcə özünə vaxt ayırıb bir qədər özünü qiymətləndirməyinə şərait yaratdım. Dəyməz… Etmədinsə, özün bilərsən, vecimə deyil. 😛
Kiminsə haqqını tapdalamaq, tanımadığı birinə qarşı pis düşüncəli olmaq, yaltaqlanmaq, iri həcmli mühərriki olan maşın sürmək, böyük evə sahib olmaq, hər kəsin istədiyini etmək, hər kəsi düşünüb, ən son özünü düşünmək səni pis insan edə bilər. Təbii ki, absurd bir bloqda real olaraq pisi qiymətləndirəcəyimi düşünürdünsə, bu sənin səhvindir.
Bəs necə şərəfsiz olmaq olar?
Əgər yaxşı biri olmaq bu qədər asandırsa (yuxardakı siyahıdan yayınmaqla), niyə pis, şərəfsiz, sürünün ən arxasında gedən olasan?.
Təbii ki, sual da blogun özü kimi də absurd bir formadadır. Burada söhbət real şərəfsizlikdən yox, başqalarının gözündəki şərəfsizlikdən gedir. Buna görə də, toplu bir cəmiyyətdə hər kəs tərəfindən yaxşı biri kimi qəbul edilmək mümkün olmayacaq.
Yaxşı biri olmaq çox asandır, şərəfsiz olmaq isə 2 vur 2-dir. Yəni, 5.
Başqalarının gözündə necə şərəfsiz olmaq olar?
- Özünü hər kəslə eyni dəyərdə say. Mütləq ki, sənə eqoist damğası vurulacaq və eqoistliyin son həddi şərəfsizlikdir (ən azından belə qiymətləndirənlər var);
- Hər gün yaxşılıq etdiyin birinə, bir gün gerçəyi de və həmin gün ona kömək etmə;
- Başqalarının bacarmadığı şeyləri bacarmağa çalış;
- Hə, bir də, əsla maddi problemlərini heç kəsə danışma;
- Hər kəsdə səhv saydığın şeyləri özün də etmə…
Təbii ki, başqalarının gözündə “şərəfsiz” olmaq bu 5 maddə qədər sadədir.
Burda bir sual meydana çıxır.
Niyə insanları rahatlıqla təhqir edirik və niyə biraz da olsa özü üçün nəsə etməyə çalışan insanları pis insan hesab edirik? Təbii ki, burada özü üçün normal yolla nəsə edən insanlardan söhbət gedir.
Cəmiyyət cəngəllik qanunları ilə formalaşır. Əzməsən əzilir, yeməsən yeyilirsən. Amma elə hamını da bir torbaya atıb söyə-söyə gedirik.
Məğlubiyyətə o qədər öyrəşirik ki, qələbə qazananlarda bir barmaq axtarmağa çalışırıq. Tapmayanda “şərəfsiz, nəsə barmaq edib” deyirik. Təbii ki, bu “şərəfsiz” anlayışı da ikili standartlara uyğun olur. Söydüyün, həqiqətən haqqsızlıq və s. kimi mənfi xüsusiyyətlərə sahib olan Əflatun (ad qiyabi seçilib, Əflatunlara göndərim zarafat etmə) sənin çox yaxının olsa və onun kürkündən bir tük də sənə düşürsə, o bomba oğlan, yox qeyri-ixtiyari biridirsə şərəfsiz olur. Təbii ki, həqiqətən bomba oğlanların da belə hallarla qarşılaşma ehtimalı çox olur…
Bilmirəm, kimə nə qədər maraqlıdır. Təəssüf ki, çox gec, 2023-də ətrafdakı insanların nə düşündüyünün heç bir önəmi olmadığını sezirəm. Həm də heç. Bu cümləni çox eşitsək də, formalaşdığımız cəmiyyət bizi bunu düşünməyə vadar edir. Düz etdiyin şeyi belə təkrar-təkrar düşünürsən. Bizdə məşhur bir motivasiya cümləsi var, “Sən daha yaxşısını bacararsan”. Çox motivasiya edir, amma sənin nəyisə əksik etdiyini də şüur altına göndərir. Bunun daha yumşaq qarşılığı ingilis dilində çox sadədir “You enough”. Yəni sən bacardığını edirsən və bu qarşı tərəfi qane edir. Təbii ki, bu da səni növbəti dəfə üçün daha yaxşı olacağına inandırır. Məcbur etmir, inandırır. Aradakı fərq incə və gözəldir.
Növbəti məqalədə isə elə bununla bağlı olaraq güclü olmaqdan, ya da daha doğru desək vecinə almamaqdan danışmağa çalışacam. Təbii ki, vecinə almamaq mümkün deyil… İnsan yalnız münbit şəraitdə vecsizləşə bilər…
Empati ilə qalın…
