Qürbətdə xan ol.

Bineyi qədimdən atalar sözlərimiz ömrümüzün düz ortasına oturub. Düzdür yaxşıları çoxdur, amma mənasızları da çoxdur. Hətta, o qədər mənasızdır ki, bir nəfər də olsun “bunu mənim atam deyib” deməz. (əvvəlki cümləni fərqli yazmışdım, dedim birdən kimsə zarafatca “mən deyərəm” deyə fikirləşər, həmin şəxsi söymüş olmayım).

Biraz daha dərinə baş vursaq, görərik ki, əslində bu atalar sözləri insanlarda nəyəsə sevgi yox, məcburi bir bağlılıq yaradır.

Məsələn: Elə, məqalənin adını götürdüyüm “Qürbətdə xan olunca, vətənində dilən gəz” atalar sözü. Hətta fikir verin, bu “ata sözü” deyil ha, atalar sözüdür. Yəni, bir neçə kişi yığışıb bu qərara gəlib. “Bu atalar sözünü kim deyib?” deyə düşünəndə, elə köhnə dövrə getdim. Elə atalar sözündə də olduğu kimi, bir tərəfdə xan, bir tərəfdə çox kasıb olduğu üçün dilənən bir obraz. Qısaca “xanlıqlar” dövrü. Düşünün ki, həmin dövrdə bir xansız. Bu sizin dövrünüzdür, bütün əhali elə bilir ən ağıllı sizsiz və sizdən ağıllı heç kəs yoxdur. Hər sürünün axına əks üzən bir balığı olur. Bu balıq, sizin sürüyə tərs üzür, çayın başladığı gölə gedir, sizin ərazini tərk edir. Təbii ki, onun getdiyi ərazi də siz və sürüdəkilərə yaddır, amma mütləq bir şey var ki, bu sürü sizə lazımdır, çünki, sizin qoltuğunuza qarpız qoyan da onlardır. Aha, bir də sizə vergi ödəyən. Təbii ki, baş bilən olaraq nəsə deyib bu sürünü olduğu yerdə saxlamaq lazımdırsa, elə bu atalar sözü düz yerinə oturmuş olur.

Fəqət, artıq 21-ci əsrdir və artıq kapitalizm dünyanı öz ağuşuna alıbsa, bu atalar sözü yavaş-yavaş gücünü itirir və yerinə “Doğulduğun yox, doyduğun yer vətəndir” ifadəsi keçir.

Elə öz uşaqlığıma qayıdıb, bu atalar sözlərini eşidəndəki hisslərimi düşünürəm və ölkədən ilk dəfə səyahət üçün kənara çıxdığım anı götür qoy edirəm. İlk dəfə təyyarəyə 2020-ci ildə, yəni 26 yaşımda minmişdim və avropa turuna çıxırdım. Həmin dövrə qədər isə, hər zaman “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” deyə düşünürdüm. Çünki, uşaqlıqdan bunu eşidib, bunu görürdüm. Urusyetdə bazarı olan qohumlar da, “Əmoğlu, mənim orda rayon boyda bazarım var idi, amma vətən ətri burnumdan getmirdi” deyib, ildə bir dəfə gəlir, illər sonra urusyetdəki ailəsini atıb, elə ölməyə də ölkəyə qayıdırdı. Yəni, atalar sözlərinin də, əyani sübutu var idi. Təbii ki, saf mən, nə bilim ki, urusyetdə olan qohumların bazar sahələrin toplasan, dünyanın quru sahəsini keçəcək?.

Hər zaman, danışanda da, Azərbaycandan başqa yerdə yaşaya bilmərəm deyə düşünürdüm…

Dediyim kimi “düşünürdüm”. İngilisə olsa, keçmiş bitmiş zaman olacaqdı.

Artıq, bu məqamda düşündüyüm bir şey var. Dilini belə çox zəif bildiyim bir ölkədə, status olaraq aşağı olsa da, rahat iş tapıb, işləyə bilirəmsə, niyə bu öz ölkəmdə olmasın?. Niyə bu atalar sözünə boyun əyib, vətən həsrəti çəkməkdən qorxub, vətənimizdə dilənək ki?.

Təbii ki, burda da bitmir. Bir neçə atalar sözlərini misal göstərəcəm.

  1. Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün;
  2. Varlının malı, kasıbın övladı;
  3. Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəq yaşamaq yaxşıdır;
  4. Zəhməti sevən, işdən doymaz;
  5. Hər oxuyan Molla Pənah olmaz;
  6. Gəmidə oturub, gəmiçi ilə dalaşma;
  7. Kasıb cavan, mərd olar;

Bu atalar sözlərinin fərqli mənaları var təbii ki, amma niyə görə hər zaman bir əziyət çəkməli olduğun qeyd edilir?

Olmazmı ki?..

Olmazmı ki, vətən, dost, ailə uğrunda da gülək, əylənək?. Olmazmı ki, həm varımız çox olsun, həm övladımız yaxşı?. Olmazmı ki, zəhməti sevdiyimiz işdə görək və yorulanda dayanıb, əylənək?. Olmazmı, gəmidə, gəmiçiyə “niyə aysberqə tərəf sürürsən?” deyib, titaniki batmağa qoymayaq?. O cavan, mərd varlı da ola bilməz?. Hər şey bir kənara, ay qardaş, niyə kasıbların varlılardan xoşbəxt olduğunu düşünməyə vadar edən bir atalar sözü var?.

Fenerbahçe yek…

Ay qardaş, ay bajı (hamıya aid deyil, lazım olar xD (xD-nı da qoyub, köhnənin facebook-da aktiv olan user imicini göstərdikdən sonra söhbətimizə davam edirəm)) hansı səbəbdən bir nəfər 5 il durmadan işlədikdən sonra, avropaya çıxıb hostellərdə qalıb, fanatı olduğu Fenerbahçenin Galatasaraya 21 il sonra öz evində uduzduğu oyuna stadionun yanındaki kafedə baxmalıdır?. Bəli, məndən söhbət gedir…

Hə, bir də “Hər oxuyan Molla Pənah olmaz”. Bu atalar sözlərinə iradım Molla Pənaha qarşı bir hörmətsizlik deyil, sadəcə Molla Pənah və ondan daha yaxşı ola biləcəklərə edilən demotivasiyaya qarşıdır. Hər kəsin Molla Pənah olmağına da ehtiyacımız yoxdur onsuz. Amma, öz uşaqlığımdan etmək istədiyim “Onsuz da bu işin Molla Pənahı olmayacam” dediyim çox şeyi xatırlayıram.

Təəssüf ki, 28 yaşıma çatandan sonra başıma “danq” edir ki, hardasa, kiməsə yaranmaq lazım deyil. Sevdiyin şeyi etmək lazımdır.

Vəəəə…. durub mən də gələcək nəsillərə hələ ki, ata olmadığım üçün “Allah qoysa gələcəyin atası sözü” ötürmək istəyirəm…. “Mirzə Ələkbər Sabir olaraq doğulmaq məcburiyyətində deyilsən, Mirzə Ələkbər Sabir olmaq isə səndən asılıdır”. Rəhmətliyin də adı uzun imiş…

Qeyd: Bir gün hər kəsin, “Nə doğulduğun, nə doyduğun, özünü aid hiss etdiyin yer Vətəndir!” deməsi ümüdi ilə……. Sağlıqla qalın, geri qalan hər şey üçün…. ya da boş verin, canınız sağ olandan sonra, hamısı boşdur….

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close