İnsan hüquqlarının və bərabərliyinin hər məcrada qorunmasının tərəfdarı olaraq, cəmiyyətimizdə “feminizm” anlayışı bir qədər məni narahat edir.
18-ci əsrdən formalaşmağa başlayan bu hərəkat bizim ölkəyə yeni çatsa da, bir çox kütlə tərəfindən yanlış başa düşülür. Bəzi xanımlar indi bunu oxuduqca nəyi nəzərdə tutduğumu düşünür və “bu nə sözlərdir?” deyir, bəlkə də. Kim bilir?.
“Blog mənimdir, nə istəsəm yazaram” deyib sözümü də vuraraq, hansı formada yanlış anlaşıldığını izah etməyə çalışdıqdan sonra məqaləyə davam edirəm.
Feminizm nədir?
Feminizm qadın və kişi bərabərliyinə münbit şərait yaratmaq üçün formalaşdırılmış bir hərəkatdır. Hətta bu hərəkat 1908-ci ildə Nyu Yorkda qadınların tətil etməsi ilə daha da sürətlənməyə başlayır. Bəli, 8 mart da elə bununla bağlı qeyd edilir. Yəni indi “boyfriend”inizin sizə 101 qızılgül almasını gözlədiyiniz gün əslində qadın-kişi bərabərliyini simvolizə edir. Bu arada 8 martda hədiyyəni bəyənməsəniz sifət eləməyin, 23 fevralda corab hədiyyə almaq da oğlanlara xoş gəlməyə bilər. Sözüm onda deyil.
Deməli feminizm bərabərliyə çalışır.
Məsələn: Eyni vəzifədə çalışan şəxslərin cinsindən asılı olmadan eyni hüquqlara sahib olması, eyni əmək haqqını qazanması, eyni qədər işləməsi və eyni məsuliyyətə cəlb edilməsi. Bu hissəyə qədər hər şey çox idealdır. Amma, gəl ki, bizdə feminizm bayrağı altında bir çox fikir yanlış anlaşılır, hətta bəziləri “Niyə, ancaq qadınlar uşaq dünyaya gətirir?” sualını belə verir. Bəli, bu sual mənim blogumdan belə absurd səslənir, amma sözüm bunda da deyil. Ölkədə qatı feminist olduğunu düşünən bir çoxları, yalnız onlara qarşı haqqsızlıq olduğunu düşünür və bunun qadın olması ilə əlaqələndirir. Bilmirəm, bu bir qədər fərqli yanaşmadır. Hətta müəyyən bir işdə nailiyət əldə edən bir qadın belə bu nailiyətdə “baxmayaraq ki, qadınam, mən bunu bacarmışam” mesajını ötürür. Bu isə artıq feminizm hərəkatına paradoks yaradır.
Qeyd: Təbii ki, burada doğurdan cinsi ayrı-seçkilik edənləri istisna hal kimi qəbul edirəm. Çünki, “absurd feministlər” hər kəsi bu tayfaya qoşmaqla məşğuldur.
Hərəkatın yanlış anlaşılan hissələrindən biri isə genetik olaraq fərqliliklərin müxtəlif sahələrdə fərqli nəticələr əldə edilməsi haqqında məlumatlara qarşı özünümüdafiə mexanizmi ilə sərt reaksiya verilməsinə səbəb olur.
Genetik olaraq, qadınlar daha çox qoruma instiktinə, kişilər isə yaşamaq üçün mübarizə instiktinə sahibdirlər. Səbəbi çox sadədir. Qədim dövrlərə baxsaq: Daş dövrünə və ondan sonra sivilizasiyanın möhkəmlənməsinə qədər olan dövrdə, qadınlar daha çox əkinçiliklə, kişilər isə daha çox ovçuluqla məşğul olurdular. Bu peşə bölgüsündə, qadınlar daha çox əkdikləri bitkiləri, saxladıqları heyvanları, evi və övladlarını qorumalı olduğunu öz genetik kodlarına yazdığı halda, kişilər hansısa heyvanı ovlayarkən “bunu başından vurum, ya ayağından?” sualını vermədən, özünü öldürmədən, ovu bitirmək haqqında qeydlər aparıb. Və bu kodlar günümüzə kişiləri daha çox nəticəyə meylli, qadınları isə daha çox prosesə meylli formalaşdırıb.
Buna görə diqqət tələb edən işlərdə qadınlar, risk tələb edənlərdə isə kişilər daha uğurlu ola bilər (bu sadəcə olaraq ehtimal nəzəriyyəsidir, “qadınlar filan işdə bacarıqsızdırlar” mənasında yozmayın).
Hər şey qədərində olduğu kimi, feminizm də qədərində gözəl olur. Haqq tələb etmək çox gözəldir, amma bunu absurdlaşdırmaq da çox mənasız hal ala bilir. Absurd hal aldıqda isə, yalnız sərf edəndə “niyə mən yox?” sualı verilir.
Misal: Qeyd edim ki, bu misalı “belə olmalıdır” düşüncəsi ilə yox, sadəcə ağlıma gələn ən birinci sual kimi qeyd edirəm. Həmin, hər şeydə bərabərliyi absurd dərəcədə axtaran feministlərdən faizlə bir göstərici çıxarsaq çox nadir hissəsi “Niyə biz qadınlar, 18 yaşında məcbur əsgərliyə getmirik?” sualını verir.
Nə demək istədiyimi anladınızsa, gülümsəyirsiniz. Anlamadınızsa, təbirklər, mənə nifrət etməyə başladınız.
Bəs, deyəcəksiniz ki, mürəbbə bankasının bu mövzuya nə aidiyyəti. Ay yoldaş, illərdir, “banka açan” rolunu oynayırıq. Hər bir feministin (ən absurd dərəcədə qatı olanının belə) o mürəbbə bankasının qarşısında aciz qaldığı bir dövr olur.

Bir gün bütün insanların, cinsindən, irqindən, yaşından və “haralısan qaqa?” sualına olan cavabından asılı olmadan bərabər olacağı bir dünyanı görmək ümidi ilə. Ümid edirəm, cinsindən, irqindən asılı olmadan hamı bərabər hüquqlara sahib olduğu, bərabər gücdə olduğu bir dünyada yaşaya biləcək. Bizə isə heç kəs, “bankaaçan” kimi baxmayacaq.
Nəticə:
8 martınız mübarək…
Yaxşı ki, varsınız…
Evdəkləri də təbrik edin…
Papagilə də salam…
Sağolun…
Müəllif: illərin bankaaçanı……
