“Kamil insan” sindromu

Son illər ölkədə baş verən proseslər arasında insanların hərəkətlərini görəndə Jan Pol Sartrın “Ürəkbulanma”sını xatırlayıram. Söhbətimiz bu olmasa da, sən əjdahasan Sartr əmi.

Biraz belə ucundan-qulağından Sartr, onun “Ürəkbulanma”sı və nəhayət “Kamil insan” sindromu haqqında danışacam.

Qeyd: diqqətinizi çəkmirsə oxumayın, amma öncədən bildirməkdə fayda var ki, bu sindromu özümün müəyyən orqanımdan uydurmuşam. Çox vaxt işlətməyə ehtiyac olmasa da, ovalşəkilli kəllə sümüyümün içində, yüksək sürətli neyronlardakı impulsların hərəkətinə sahib olan, ilk baxışdan qab yumaq üçün “setka”ya bənzəyən ət parçasından istifadə etmək faydalıdır.

Əgər Sartr əmi haqqında olan hissə sənə maraqlı deyil və “Mu-Mu deyənə kimi birbaşa Mustafa Sandalı de” deyirsənsə, şəkilə kimi olan hissəni boş ver.

Getdiy…

Sartr əmimiz 1905-ci ildə doğulur. Atasının haqqı rəhmətinə qovuşmasından sonra, istedadının üzə çıxması ilə Sartr ana babasının dəstəyilə xüsusi müəllimlərdən dərs alır. Sartrın bu həyatı daha sonradan uzanaraq nobel mükafatına, daha sonra ən sevdiyim 3-4 müəllifdən biri olana qədər davam edir. Düzdür, mən onun “Sözlər”ini oxuyanda artıq haqqı-rəhmətinə qovuşmuşdu, amma məsələ bunda deyil.

Sartrın kitab adlarını yox, kitablarında özünü axtarmasını sevmək lazımdır. Hətta, o kitablarda Sartrı axtararkən özünüzü də axtarmağa çalışmağı sevmək lazımdır.

Deməli, əmimiz əsərləri nobel mükafatına layiq görüldüyü zaman mükafatdan imtina edir.

Kəllə sümüyümüzün içindəki ət parçasının “Gijdi ə bu” deməyə vadar etdiyi situasiyanı isə əmimiz belə izah edir: “Mənim öz əsərlərimi sadəcə “Jan-Pol Sartr” və “Nobel mükafatı laureatı Jan-Pol Sartr” kimi imzalamağım tamamilə fərqli anlayışlardır. Yazıçı hətta ən şərəfli şəkildə də olsa, öz adının ictimai institut adına çevrilməsinə imkan verməməlidir”.

Amma heyif, pul hərşey olmasa da, əl kiri olsa da, yenə də qələbə qazanır, daha sonra əsərlərini pul üçün yazmayan Sartr əmimizin ağzının iyi burnuna vurduğu üçün mükafatı əldə etməyə fonda müraciət edir. Amma düşünməyin ki, o fikrini dəyişir. Siyasi və maddi baxımdan çətinlik çəkdiyi dövrdə Sartr nobel mükafatından imtina etsə də, maddi mükafatı istədiyini bildirir. Nə edək, əmi də bir cür adam idi.

Aylar əvvəl həyatımın ən dəyərli dövrlərindən birində, ən yaxın iki dostumla bir kafedə oturmuşuq. Boş-boş söhbətlər edirdik. Elə oturduğumuz yerdə də gilas dadı verən, 1 bokalı 1 manata olan reyhan kampotu içirdik. Gün neçə boynumuzun dalından vururdusa elə buz kimi kampotu da başımıza çəkib, Səlyan piyvəsi içmək üçün “Miyə ba, bəlkə bi Səlyan pivəsı vırağ” zarafatı edirdik ki, çöldə bir ağzı qara it hürməyə başladı. Paytaxtın küçəsində hürən itlə, o itdən qorxan qız tandemi var. Təbii ki, qorxan qızlar məcburi səkinin düz böyründəki kafenin içindən keçməli oldu. İsti yay havasına uyğun da geyinmişdilər. Vallah mən baxmadım, amma ortalama olaraq birinin 18-19 digərinin 20-22 yaşı olardı. Yaxşı, səmimi olmağa söz vermişəm baxdım. Amma “QAQA CANI O MİNENİYA İLƏ BAXMADIM”. Bizimlə üzbəüz masada oturan 785 yaşlı dayı kafenin yiyəsinə baxmadan, nəvəsinin kötükcəsi yaşında olan qızlara baxıb, “A qaqa! Sən çölə it bağla da həmişə” dedi. Ordaca Sartr əminin “Ürəkbulanma”sı yadıma düşdü.

Ürəkbulanma nədir. Yox, mən sizə pivənin üstündən çaxır içib, üstündən ton balığı, ardınca da mayonezlə armud yeyəndən sonra mədənizin əks əlaqəsini demirəm, sözün əsl mənasında əmimizin əsərini deyirəm.

Əmi əsərdə insanların hərəkətlərindən, onların davranış, danışıq və rəftarından yaşadığı bir hissi izah etməyə çalışır. Amma tam izah edə bilməyib adını da “Ürəkbulanma” qoyur. Oxumamısınızsa mütləq oxuyun. Son dəfə Martin İdenin sonda gəmidən özünü atıb intihar etdiyini deyib spoyler verəndə linç olunmuşdum. Aa… yenə eyni spoyleri verdim. Amma inanın vijdan əzabını onda da çəkməmişdim, indi də çəkmirəm. Etik olaraq kiməsə spoyler verdimsə üzr istəyirəm. Sizinlə “raşot”.

Bəyin oğurlanması filmində Yaşar Nuri əmimizin “Sənə əjdaha lazımdır?” sualına “Yox” cavabını verərək, keçirəm “Kamil insan” sindromuna (Siz bir də məqalənin sonu və əvvəlinin əlaqələndirilməsinə fikir verin. Özümə ləzət elədi).

“Kamil insan” sindromu xüsusi bir isimdən adını götürüb. Məğzində nə yatır onu da izah edəcəm.

Lazımsız insanların, lazımsız bir işdə, “lazımlı” olduğunu (təbii ki, əsas məqsəd özünü reklam etməkdir) düşündüyü zaman, kütləyə lazımsız yerə özünün lazımlı olduğunu sübut etməyə çalışması “Kamil insan” sindromu adlanır.

Yaxşılıq edib dənizə atırsan, bəlkə də edib atmırsən, bəlkə də eləmrisən və atmırsan. Buna heç kəs qarışa bilməz, öz işindir. Bu adamlar yaxşılıq edib dənizə atmır. 2022-ci ilə gəlmişik, texnologiya inkişaf edib və bu insanlar yaxşılıq edib, instagramda, facebookda, whatsappda story-yə atır. Özünü reklam edir.

Hətta belə bir şey deyim, beynin özünüsübut mexanizmi o qədər inkişaf edib ki, o, bu yaxşılıqlarda yalnız vasitəçi rol oynayır və dənizə yox, story-yə atır.

Yəni bu insanlar özlərinin yaxşı olduğunu cəmiyyətə sübut etməyə çalışır. Elə həyatları da bu miqyasda davam edir. Təbii ki, yenə deyirəm, onlar ən azından savab “point”i olaraq məndən öndədirlər (bəlkə də deyillər, özümü təvazökar aparacam). Bunu ətrafda edən, heç bir qıcıq yaratmayan və etdiklərini paylaşaraq öz imicini artıran minlərlə insan var.  Bu insanların qıcıq yaratmasının səbəbi (ən azından məndə) bunları edib, onlara qarşı nəsə irad bildirən şəxslərə, “Sən neyləmisən ki?” deyərək, yuxarıdan aşağıya baxması, özlərini fövqəlinsan saymasıdır. Əlqərəz, sizin bu insanlar haqqında fikirlərinizi bilmirəm, bu yuxarıdakı cümlələrdə isə sizə də maraqlı olmayacaq fikirlərimi paylaşmağa çalışdım.

Deyəcəksiniz ki, mövzunun əvvəli, sonu bəlli deyil. Əlaqəsi ondadır ki, son dövrdə belə insanlar nədənsə çoxalıb və bu artıq şəxsən məndə ürəkbulanma yaradır.

Yeri gəlmişkən desəniz ki, səndə ürəkbulanma yaradırsa, mən bunu oxumaq məcburiyyətindəyəmmi?

Yox deyilsən, haqqımızda bölməsində qeyddə də var. Yazmaq üçün yazıram. Heç nə haqqında boş-boş şeylər yazıram və bu mənə xoşdur. Oxuyub bəyəndinsə sənə də ləzət elədisə mənə ikiqat xoşdur. Ləzət eləmədisə vecimə də deyil. Allah amanında.

P.S. dəstək olmaq üçün şeyr (share) edə bilərsiniz… Təşəkkürlər!!!

1 thought on ““Kamil insan” sindromu

  1. Zeynəb Babayeva's avatar
    Zeynəb Babayeva June 9, 2023 — 1:29 am

    Mövzu:
    Milli hobbilərimiz və hobbi anlayışımız… (əgər varsa:)

    Liked by 1 person

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close