Karma və Qısmat

Əslində həyatımızın bir çox dövründə qarşımıza çıxan bu sözlər elə bacı qardaş qədər bir-birilərinə yaxındır. “Qısmat” nəticəyə köklənsə də başına döndüyüm karma bütün prosesi öz başına yığır.

Əvvəla sizə karma haqqında və qısmat haqqında biraz məlumat verim. Bilənlər növbəti iki abzasın başını buraxıb bir başa növbətiyə hoppana da bilər. Görürsünüz? Sizə hələ seçim şansı da verirəm.

Karma nədir?  – dünən, bugün, sabah baş vermiş, baş verə biləcək hər hansısa hadisənin ana bətnindən bu tərəfə aldığınız hər oksigendə belə əks edildiyini bildirən bir sözdür. Bu baxımdan bəxtimiz gətirib ki, hadisələr yalnız doğulub öldüyümüz bir dövrü əhatə edir vay o haldan ki, yaponsunuz ya da reinkarnasiyaya inanan qeyri-yaponsunuz. Əlqərəz, hər hansısa bir dövrdə başınıza gələn hadisənin daha əvvəllər etdiyiniz əməllərlə bağlı olması karmadır.

Plaza dilində daha qlamur səsləndirmək üçün deyilən karma ilə əsl karmanı nə badə qarışdırasınız. O karma elə nənə-babamızın qısmat dediyidir, biraz botoks, biraz epilyasiya ilə karma olub. Əsl karma isə öz təbii gözəlliyini qoruyur və əgər düzgün yanaşma ilə qarşılaşsa insani keyfiyyətləri üzə çıxarmağa “tırka” verir.

Yəni atdığınız hər addım sabahınıza və növbəti həyatınıza təsir etdiyi və edəcəyi üçün daha diqqətli olmağa çalışıb, ətrafınızı xoşbəxt edə bilərsiniz.

Qısmat nədir? – bu nə qədər də rayonda heç sevmədiyim bir şəxsin adı olsa da gündəlik həm zarafat, həm də ciddi çox istifadə etdiyim bir termindir. Qısmat alınyazısı ilə calaşdırılmış, dəyişdirilə bilməyən hadisələrdir. Və biz insanlar, çiy süd əmmişiy axı, ona görə bu qismətə də barmaq eləməsək olmurdu ki, elədiyimiz hər səhvi onun üstünə atırıq.

Elə işin də maraqlısı burda başlayır. Bugün başınıza gələn nisbi olaraq yaxşı və ya pis adlandırdığımız hər hansısa bir hadisə sizə ya karma kimi, ya da qısmat kimi dəyərləndirilmiş olur.

Karma qisas almır və yekunda qısmata qovuşur
Əgər pis karmaya düçar olmusunuzsa bu sizin ya əvvəlki həyatnızda ya da əvvəlki dövrlərdə etdiyiniz və kimin üçünsə pis nəticə vermiş bir hadisəyə bağlanır. Elə buna görə də pis karma nisbi olaraq sizin üçün pis olmuş olur. Əslində pis və yaxşı karmanın özü də nisbiliyin içində boğulub qalır. Karmanı öz vəzifəsini tam yerinə yetirən Femida kimi düşünün. Atdığınız hər addıma qarşı gələcəkdə bir əks addım alırsınız, əgər həmin addımınız kiməsə baha başa gəlibsə elə onun qarşılığı da sizə baha başa gələcək və ya əksinə. Maddiyata üstünlük verənsinizsə, əvvəlki cümlədəki “baha” frazası maddi ölçü vahidi deyil.

Karmanı məhv etmək olarmı?

Elə klaviatura üzərində barmaqlarımı gəzdirdiyim vaxt düşündüm ki, “Tutalım reinkarnasiya var və mən xatırlamadığım hansısa həyatımda Çində velosipedli bir qaqaşı öldürüb velosipedini oğurlamışam. Yaxşı indi oturub öz aləmində məqalə yazan mənin günahı nədir ki, karma mənim başıma oyun açır?” Qeyd edim ki, bunu yaşadığım həyata görə yox, sadəcə empati hissi ilə özümdən soruşuram. Təbii ki, biraz da dərinə gedib “karmanı qırmaq olarmı?” sualını axtarmağa çalışıram. Bütün axtarışların yekununda vahid bir cavab tapıram, “karmanı dəyişmək, yox etmək, məhv etmək mümkün deyil”, amma sizə xoş xəbərim də var, karmaya təsir göstərmək mümkündür.

Karmanı məktəbinizdə sizi nar çubuğu ilə döyən fizika müəllimi kimi düşünün. O, sizi döyə-döyə fizika öyrənməyə vadar edir, elə karma da insanı döyə-döyə yaxşı insan etməyə çalışır. Siz karmanın sizi cəzalandırmasına nə qədər dözüb, daha yaxşı biri olmağa çalışsaz, karmaya müsbət təsir etməyə başlayacaqsınız. O, fizika müəlliminin də çubuqla döyməyib, alnından öpdüyü, fizikanın çiçini-piçini bilən tələbəsi olacaqsınız. Siz yaxşı olduqca karma sizə qarşı dəyişəcək və müsbət formada həyatınıza təsir edəcək.

Karma yoxa çıxacaq.

Karma bütün insanlar formalaşıb Nitşenin fövqəlinsanına çatdığı, hər kəsin ideal insan olduğu zaman yoxa çıxacaq. Əslində bu tam olaraq yoxa çıxmaq olmayacaq, bu sadəcə bütünlükdə formasını dəyişmiş müsbət enerjili bir karmaya çeriləcək. Amma dünyada ziddiyət təşkil etməyən bir şey mövcud olmadığı kimi, karma da ideal cəmiyyət metodunda öz mövcudluğundan əlini üzəcək.

Bəs Qısmat?

Qısmat isə daimi olaraq qalacaq, ya da bilmirəm, yaşayıb görmək lazımdır. Belə şeylər qısmatdır.

Məqalə adlandırdığım bu absurd söz yığınını facebookda öz aləmimdə yazdığım “bomba” statusların sonluğundakı kimi də bitirmək istəyirəm.

Xoşbəxt edin ki, siz də xoşbəxt olasınız, geri qalan hər şey üçün mastercard.

2 thoughts on “Karma və Qısmat

  1. TheİnkDrinker's avatar

    Görən karma o fizika müəlliminin başına nə gətirəcək))

    Like

    1. Surxay Abdulla's avatar

      Əslində o müəllim də, uşaq vaxtı döyülərək fizika öyrəndiyi üçün, karma, onun uşaqları döyməsi ilə tamamlanır 🥲

      Like

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close